• 6 Oktyabr 2022
logo
Xətai rayonunda Vətən müharibəsi şəhidi Vüsal Şahmarlının adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub

Xətai rayonunda Vətən müharibəsi şəhidi Vüsal Şahmarlının adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub

Oktyabrın 11-də Vətən müharibəsi şəhidi Vüsal Şahmarlının 25-ci doğum günündə Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində şəhidin adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.

Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusu böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik “yenilməz, qalib ordu” mifini yerlə-yeksan ediblər: Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir.

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Vüsalın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar. Onların Vətən, torpaq, yurd sevgisi, ideyası, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.

Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə 138 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhidin adını daşıyan parkda abadlıq işləri görülüb, yaşıllıq örtüyü salınıb, səki daşları düzülüb. Azyaşlılar üçün idman və əyləncə qurğuları quraşdırılıb, yaşlı sakinlərin istirahəti üşün oturacaqlar qoyulub.