• 7 Dekabr 2021
logo
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.
ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün və onların qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar, külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub. Xəbərdarlıqda bu gün axşam saatlarından başlayaraq Xəzər dəniz akvatoriyasında Şimal-Qərb, Şimal küləyinin 13-18, arabir 20-23, sentyabrın 3-ü axşamdan 4-ü səhərə kimi 18-23, arabir 25-30 m/s-dək güclənəcəyinin gözlənildiyi bildirilir. Dalğanın hündürlüyünün isə 2-3, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.