• 28 Noyabr 2021
logo
Bakıda poliklinikanın şüşələrini sındıraraq həkimlərə xəsarət yetirən ər-arvada cinayət işi açılıb

Bakıda poliklinikanın şüşələrini sındıraraq həkimlərə xəsarət yetirən ər-arvada cinayət işi açılıb

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmağa yönələn halların qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Müəyyən edilib ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nalayiq ifadələr işlədib və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.