• 20 Yanvar 2022
logo
FHN: Ötən sutka 86 yanğına çıxış olub, dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib

FHN: Ötən sutka 86 yanğına çıxış olub, dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 17 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 19 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə qeyri-çimərlik ərazidə batan Əhmədov Nahid Namiq oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Şəmkir rayonunda iki minik avtomobilinin toqquşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı Qasımova Ofeliya Əliş qızının və Tağıyeva Familə Bəhram qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.