• 19 Yanvar 2022
logo
Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb

Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO

Məlumat verildiyi kimi, 11 avqust 2021-ci il tarixində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Görülmüş tədbirlər sayəsində bu gün saat 14:00-da yanğın tam söndürülüb. Yanğın nəticəsində, ilkin məlumata əsasən, təqribən 150 hektar ərazidə kol-kos və qismən ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və ərazidə küləyin mütəmadi olaraq güclənməsinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin peşəkar və əlaqələndirilmiş fəaliyyəti nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.