• 4 Oktyabr 2024
logo
Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu

Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu

Astronomlar Saturnun 20 yeni peykini kəşf ediblər ki, bu da qaz nəhəngini Günəş sistemində məlum peyklərin sayına görə çempion edib (əvvəllər Yupiter idi).
Trend-in məlumatına görə, hər kəs yeni obyektlər üçün Skandinaviya, Qalli və ya İnuit mifologiyasından olan nəhənglərlə bağlı adlar təklif edə bilər.
Son vaxtlara qədər Yupiter Günəş sistemindəki məlum peyklərin sayına görə çempion idi – onun 79 peyki kəşf olunmuşdu. İkinci yeri 62 peyklə Saturn tuturdu, ardınca buz nəhəngləri Uran (27), Neptun (14) və cırtdan planet Pluton (5). Günəş sistemində 10-dan bir qədər çox cisim iki peykə, biri isə isə 100-dən çox obyektə sahibdir.
7 oktyabr 2019-cu ildə Skot Şeppardın (Scott S. Sheppard) başçılıq etdiyi astronomlar qrupu Saturnun ətrafında dövr edən 20 yeni peykinin kəşf edildiyini bildirərək, onların ümumi sayının 82-yə çatdığını və bununla da, Saturnun peyklərinin sayına görə birinci olduğunu qeyd ediblər. Müşahidələr yerüstü 8 metrlik “Subaru” teleskopunun köməyi ilə aparılıb. Yeni kəşf edilmiş peyklərin hər birinin diametri beş kilometrdən çox deyil, on yeddisi orbital hərəkətin geriləmə xüsusiyyətinə malikdir (hərəkət istiqaməti Saturnun fırlanma istiqaməti ilə üst-üstə düşmür), daha üçü isə digərlərinin hərəkətinə perpendikulyar istiqamətdə hərəkət edir.
Qaz nəhəngi ətrafındakı peyklərin fırlanma periodu iki ildən üç ilə qədərdir və geriləyən peyklərdən biri Saturnun ən uzaq peyki kimi qeydə alınıb. İki yeni peyk, Inuit qrupu adlanan, təxminən 46 dərəcə meylləri olan xarici peyklər qrupuna daxil edilib. Bu cisimlərin Saturnun keçmişdə dağılmış böyük peykinin parçaları ola biləcəyi ehtimal edilir. Norveç qrupundan yeni kəşf edilmiş geriləmiş peyklər də eyni mənşəyə sahib ola bilər. Başqa bir peyk təqribən 36 dərəcə meyilli orbitə malikdir və Saturnun Qalli adlı daxili peyklərinə bənzəyir.
Kəşfin elanından sonra Karnegi İnstitutu yeni peyklər üçün ən yaxşı adlar uğrunda, hər kəsin iştirak edə biləcəyi müsabiqə elan edib. Müsabiqə qaydaları ictimaiyyətə yayımlanıb və 6 dekabr 2019-cu il tarixinədək davam edəcək. Peyklər hansı qrupa mənsub olmalarından asılı olaraq Skandinaviya, Qalli və ya İnuit mifologiyasından olan nəhənglərdən birinin adını daşıyacaqdır.
Daha əvvəl Skot Şepardın qrupu tərəfindən Planet X-in axtarışında Yupiterin 12 yeni peykinin kəşfi barədə məlumat verilmişdi. Onlardan bəzilərinə Zevsin qızları və nəvələrinin adı verilmişdi.