Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Şərifov 11 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.
E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.
Xatırladaq ki, “Cabir-012” adı ilə tanınan C.Babayevin sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı videoçarxları yayılıb.