• 25 Noyabr 2020
logo
Eldən gedən həkim

Eldən gedən həkim

Təxminən 4 il bundan öncə Bayramovlar və Muradovlar nəslinin ağbirçəyi, hər birimizin üz tutduğu evin sahibi-o ev ki, gülərüzlə, duzla-çörəklə qarşılaşılanır, xeyir-duayla yola salınırdıq-7 qız, bir oğlun anası Sehran bibimizi haqq dünyasına yola saldıq. Və bu zaman vətən həsrətli Sehran bibimdən bir könül yazısı yazdım. Sehran bibinin böyük qızı Sima həkim haqqında da bəzi xatırlatmalarım vardı. Ancaq onun faciəli surətdə dünyasını dəyişən 11 yaşlı Kəmalə qızı haqqdında bəhs etməmişdim. Yazı işıq üzü görəndə artıq gec idi, səhvimi düzəldə bilmədim. Sima həkimə üzürhaqlıq elədim və söz verdim ki, “80 illiyində yubley yazısı yazaram”. Güldü və “qismət”-deyib, təşəkkürünü bildirdi.
80 yaşa çatmağa ömür vəfa eləmədi. 73 yaşında dünyasını dəyişdi. Onun haqqında xatirə yazısı yazmağa heç qıymazdım. Ancaq nə yazıq ki, qismət deyilən bir şey var və müəllifi də bəndələr deyil.

Muradovların ilki

Sima İsfəndiyar qızı Muradova 1964-cü ildə Azərbaycan Tibb İnstitutuna qəbul olub, 1970-ci ildə ali məktəbi bitirib. Təyinatını Qubadlının Çardaxlı kəndinə veriblər. Az keçməmiş yaxşı mütəxəssiz kimi rayon xəstəxanasına gətirilib. Bədəl Səfərovla ailə həyatı qurandan sonra bir müddət Daşkəsən rayonunda işləyiblər. Bədəl həkim əslən Cəbrayıl rayonunun Şəydəy kəndindən olduğu üçün elə-obaya dönüblər. Böyük Mərcanlıda özlərinə gün-güzəran qurmağa başlayıblar. Üç uşaqları olur-Kəmalə, Seymur və Aynur. Ailənin böyük qızı Kəmalə uşaq vaxtından fitri isteda malik olub. 11 yaşlı Kəmaləni rayonda keçirilən tədbirlərə dəvət edirlər. Həm gözəl musiqi duyumu, həm də rəqs etmək bacarığı olan Kəmalə aparıcı kimi də rayon rəhbərliyinin rəğbətini qazanır.
Ata-ananın göz bəbəyi, ilkləri, boyuna sevindikləri Kəmalə rayonda keçirilən tədbirdən( həmin tədbirdə Kəmalə aparıcı kimi hər kəsin sevimlisinə çevrilir-A.Ş.) bir neçə gün sonra evlərinin yaxınlığından axan su kanalına düşərək boğulur. Əlini kanalın üzərinə əyilən söyüd ağacına atıb kömək uman Kəmalə özündən kiçik bacısı Aynura səslənir ki, tez gedib valideynlərinə xəbər versinlər. Söyüd ağacının budağı qırılıb əlində qalır və Kəmalə suya qərq olur. Bütün kənd Kəmaləni axtarmağa səfərbər edilir. Xəbər rayon rəhbərliyinə çatır. Deyirlər ki, “həmin qız suda boğulub”. O saat göstəriş verilir ki, kanala gələn su bağlansın və Kəmalə tapılsın. Kəmaləni axtaranlar arasında Simanın xalası oğlu Salam da olub. Və elə Salam Kəmalənin cəsədini çıxararaq ailəsinə verir. Bu faciə bütün nəslin dərdi olur. Atanın, ananın qaməti qırılır. Kimsə Simanı ovundura bilmir....
...Sima Böyük Mərcanlıda hara gedirsə, hara baxırsa Kəmalənin xatirəsilə qarşılaşır. Bədəl həkim çıxış yolunu rayon mərkəzinə köçməkdə görür. Cəbrayılda yenidən ev-eşik qurmağa başlayırlar. Bədəl həkim rayon uçaq xəstəxanasının baş kəkimi, Sima isə mərkəzi xəstəxanada ginikoloq kimi fəaliyyət göstərirlər. Həyat davam edir, ancaq Simanın Kəmalə yarası ölənə qədər sağalmadı. Üstəlik qardaş yarası aldı...
...Bir neçə ildən sonra Simanın bir qızı olur. Doğmaları uşağa Kəmalə adı verməyi ürəklərindən keçirsələr də, Sima razılaşmır və adını Xatirə qoyur.

“Hər axşam Simanın başına yığışardıq”

993-cü ilin iyulun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilir. Bütün el-oba kimi Səfərovlar ailəsi də yenicə rahatlıq tapdıqları evlərindən, yurdlarından və ən başlıcası da torpağa tapşırdıqları Kəmalə qızlarından ayrılaraq məcburi köçkün kimi Sumqayıta pənah gətirirlər. Bir müddət Simanın ikinci bacısı Saranın oğlu üçün aldığı ikiotaqlı evdə qalırlar. Bir aydan sonra Qubadlı rayonu işğal edilir və valideynləri, rayonda yaşayan iki bacısı da Sumqayıta gəlirlər. Şəhərdə yaşayan qohum-əqaraba gələnləri evlərində yerləşdirir, onlara dayaq durmağa çalışırlar. Bacısı Fatma da bir müdddət Simanın ailəsilə iki otaqda yaşamalı olurlar.
Bacılar deyir:”Hər axşam Simanın başına yığışardıq. Rayondan çıxanda evdə olan ərzaqlardan və motal pendirindən gətirmişdilər. Xoşumuza gəldiyi üçün kənd yuxasıyla motal pendirini bizlərə yedizdirməmiş evə getməyə qoymazdılar. Bədəl də, Sima da əllərində olan tikəni hər kəslə bax beləcə bölüşürdülər. Fərq etmirdi, doğmasıdı, yaddı- darda olana imkanları çatan həddə kömək edirdilər. Və kimsə deyə bilməz ki, onlar elədikləri yaxşılıqları dilə gətiriblər”.
Yaxşı deyiblər ki, “çətin günün ömrü az olar”. Bədəl həkim də, Sima həkim də Sumqayıtda işlə təmin olunurlar. Yenə də Cəbrayılda olduğu kimi, el-oba onlara pənah gətirir, xəstə kimi dərdlərinə çarəni onlarda arayırlar. Sumqayıtda da yenidən ev qururlar, özəl klinika açırlar. Övladlarının hər biri ali təhsilli həkim olaraq valideynləri kimi insanların sağlamlığı keşiyində dururlar. El arasında bu ailə “həkimlər ailəsi”- deyə çağrılır. Sima dünyasını dəyişənə kimi yurda dönəcəkləri günün xəyalını qururdu və deyirdi:”Sanki Sumqayıtda kirayədə yaşayıram, rayon işğalçılardan azad olunan kimi qayıdacam”.

“Dayağım Sima oldu”

7 bacıdan üçü müəllimə, dördü isə həkim kimi fəaliyyət göstərirlər. Qardaşı Fazil Muradov bacarıqlı, adlı-sanlı mühəndis idi. Bacısı, əməkdar müəllim Bahar Muradova:”8-ci sinifdə oxuyurdum. Yay tətilin həsrətlə gözləyirdim ki, həmişə olduğu kimi Sima gələcək və bizə hədiyyələr alacaq. Bacılarımın hər birinə hədiyələr almışdı, mənə isə qırmızı ayaqqabı. Elə sevinirdim ki... Bir gün Sima məni çağırıb maraqlandı ki, hansı ixtisası seçmişəm. Dedim ki, ingilis dili müəllimi olmaq istəyirəm. Mənə məsləhəti belə oldu:”İngilis dili müəllimi olmaq istəyrsənsə yaxşı hazırlaşmalısan”. Simanın məsləhəti sanki məni ayıltdı. Həmin gündən ciddi hazırlaşdım və nəticəni qazandım. Sima bacıların məsləhət yeri olub. Nəyi məsləhət edib, yol göstəribsə xeyrini görmüşük”.
Bacısı, həkim-lobarant Bənövşə Muradova:”Simanın elədikləri yaxşılıqları saymaqla qurtarmaz. Bu evə yenicə köçmüşdülər. Novruz bayramında Bədəl həkimlə Sima bazarlıq edib gələndə həyətdə bir qadın yaxınlaşır ki, evdə uaqları acdır, yeməyə çörəkləri belə yoxdu. İmkan varsa 5-10 manat pul versinlər. Bədəl həkim də, Sima da bir-birinə baxırlar və əllərindəki ərzaqların hamısını verirlər ki, apar balalarının bir neçə gün əarzağı olsun. Yuxarıdakı qonşu qəfildən dünyasını dəyişdi, ailə başsız qaldı. Qadın işləmirdi, uşaqlar da körpə idilər. Balaca oğlu orta məktəbi bitirənə kimi onlara hər ay yardım edirdilər. Bayramlarda aş bişirib qazanla verirdi ki, bəlkə bişirməyə imkanı yoxdu. Heç uzağa getməyək. Biz də rayon işğal olandan sonra Sumqayıta gəlmişik. Həyat yoldaşım vaxtsız vəfat etdi. 3 uşaqla başsız qaldım. Arxam, dayağım Sima oldu. Hər həftə evə lazım olan nələr varsa hər şey alıb gətirərdilər. Balaca oğlumun hazırlıqları üçün müəllimlərin pulların da verirdi”.
Bacısı, müəllimə Kifayət Muradova:”Qohum-əqarabada-istər Bədəl həkimin, istərsə də biz tərəfin-yaşlı insanlar xəstələnirdisə, onların evində müalicə alırdılar. Hər ikisi məcbur edirdilər ki, bizdə qalmalısan və müalicən normal getməlidir. Onların cox vaxt dərmanların da özləri alırdılar. İstər özümüz, istərsə də övladlarımız hansı birmiz xəstə olmuşuq başqa həkim tanımamışıq. Baxmayaraq ki, Sima ixtisasca ginikoloq idi, anacq tibbin başqa sahələrini də bilirdi. Və diaqnozları hər zaman təsdiqini tapırdı”.

Ölümü özünün qurtuluşu bilirdi...

Bacılar danışdıqca yadıma bu ilin fevralında Türkiyədə əməliyyat olduğum zaman Simanın mənə elədiyi dualar düşdü:”Arzu, sən elə bilmə ki, bacın yoxdur. Biz sənin bacılarınıq. Allahdan sənə şəfa diləyirəm. Dayım oğlumla bir ömür boyu məsud yaşayın”. Bu dua bacımın mənə əllərini açıb elədiyi dua kimi məlhəmim oldu. Türkiyədən qayıdanda Sima bacılarını başına yışıb mənə baş çəkməyə gəldi. Novruz bayramında isə zəng vurdu ki, Akiflə gəlin bayramı birgə qeyd edək. Ölüm-itim dünyasıdı. Qızı Xatirənin evinə yığılmışdıq. Həmin günün ləzzətini yəqin ki, bir daha yaşamaram.
Sima ilə hər təmas maraqlı olurdu. Oxuduğu əsərlərdən danışar, toxuduğu əl işlərini göstərib zövqlə bəhs edərdi. Gülləri çox sevərdi və deyərdi:”Bədəl mənə balaca bir stul düzəldib. Bağda oturub güllərə qulluq etmək ruhumu dincəldir. Bəzən olur ki, onlarla söhbət edirəm. Bir gün hər kəsi bağa yığacam, siz də gələrsiz”.
Sima həm də qardaş yaralı getdi. Anasının ili çıxmamış qardaşı Fazil Muradov dünyasını dəyişdi. Bacılar, qohumlar, dostlar, el-oba Fazilin ölümündən sarsılmışdılar. Sima bu dərdə dözə bilmirdi. Simanın ruhu məni bağışlasın, sanki Fazilin ölümü Kəmaləni ona unutdurmuşdu. Ona hər kəs “ toxtax ol” məsləhəti verəndə deyərdi:”Siz məni niyə başa düşmürsünüz? Mən tək qardaş yox, həm də sirdaş, dost, güvən yerim, and yerim, qürur yerim bir insanı itirmişəm”.
Sima sanki qardaşını itirdikdən sonra ölümə doğru yürüyürdü. Ölümü özünün qurtuluşu bilirdi...
....Oktyabrın 2-də Sima dünyasını dəyişdi. Elə dünyasını dəyişənlər var ki, evdən gedir, Sima isə Qubadlı və Cəbrayıl elindən gedən həkim, ziyalı idi.
P.S. Sima, Xatirən yaman ağlayır, heç dözmür sənsizliyə. Hansı birimiz təskinlik veririksə yetmir. Sən nə Aynurun, nə Xatirənin sızıldamasını istəməzdin. Bəlkə yuxularına gəlib onlara təskinlik verəsən....
Arzu Şirinova