• 4 Oktyabr 2024
logo
Bəzi əndrəbadi yollarımız və yol polislərimiz

Bəzi əndrəbadi yollarımız və yol polislərimiz

Yol insan həyatının ayrılmaz bir parçasıdır. Çünki hər bir kəs dünyaya gələndən, ta köçənə kimi bir çox yoldan ötüb keçməli olur. Maraqlıdır ki, insanın bu dünyada sürdüyü ömrə də, çox vaxt onun həyat yolu deyilir. Hələ məktəb illərində öyrəndiyimiz: “Yollar dünyada çoxdur, Sayı-hesabı yoxdur...” və ya “Ömür bitər, yol bitməz…” kimi şerlərdən belə bir qənaətə gəlmişik ki, adam hər nə qədər çoxlu yoldan ötüb keçsə də, bütün yollara varıb, onların hamısına bələd ola bilməz. Məhz bu səbəbdəndir ki, yollarda müxtəlif istiqamətləri bildirmək üçün lövhələr asılır, hətta həmin yollarda hərəkət qaydasını bildirmək üçün, onlar çeşidli yol nişanları ilə işarələnir. Gündəlik keçdiyimiz yollarda bu cür nişanlar olmadan da hərəkət etmək mümkündür. Amma di gəl ki, yaxşı bələd olmadığın yerdən və yoldan keçəndə, belə nişanlarsız hərəkət etmək xeyli problem yaradır. Xüsusən də sürücülər üçün və xüsusən də böyük şəhərlərdə. Elə bu səbəbdəndir ki, hər bir ölkədə yol hərəkətinin təşkilinə, nizamlanmasına və nişanlanmasına cavabdeh olan bir sıra qurumlar fəaliyyət göstərir. Ölkəmizdəki yollar keyfiyyət baxımından dünyada ön sıralarda qərar tutmasına baxmayaraq, bəzi yollarımızda yol hərəkətinin düzgün təşkil edilməməsi və yolların səhv nişanlanması bir çox qəza və nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bundan əlavə hazırda bu cür yollar, sürücülərin qorxulu yuxusuna, bu haldan sui-istifadə edərək onlara cərimə yazan bəzi yol polislərinin isə gəlir mənbəyinə çevrilib. Belə yollara misal kimi Bakı şəhərindəki Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsini göstərmək olar. Uzun müddətdir sürücülərin şikayətinə və dəfələrlə mətbuatda tənqid edilməsinə baxmayaraq, həmin yerdə nişanlanmanın düzgün aparılmaması bu ərazidən keçən nabələd sürücülərin çaşqınlığına və səhv hərəkətinə səbəb olur. Elə bu zaman həmin ərazidə daim qıraqda durub avtomobilləri müşahidə edən yol polisi əməkdaşları sürücüləri saxlayıb, yol hərəkəti qaydalarını pozduqlarına görə cərimə olunacaqlarını bildirir... Hadisələrin sonrakı inkişafı da hamıya məlum ənənəvi sxem üzrə davam edir. Halbuki, qanunvericiliyə görə ərazidə xidmət edən hər bir yol polisi əməkdaşı avtomobillərin təhlükəsiz hərəkətinin təmin və təşkil edilməsində birbaşa məsuliyyət daşıyır. Onlar yol hərəkəti ilə bağlı hər hansı qüsur və problem aşkar etdikdə onu qıraqdan müşahidə etməli deyil, aradan qaldırmağa çalışmalıdırlar. Ancaq məsələ bununla da yekunlaşmır. Ən acınacaqlı hal odur ki, sürücülərə yazılan bu cür əsassız cərimələrdən müvafiq yol polisi idarəsinə edilən şikayətlər də obyektiv araşdırılmır və adətən sürücülər günahkar çıxarılır. Çox vaxt formal araşdırma apararaq sürücüləri get-gələ salan polis məmurları güman edirlər ki, şikayətçilər uzun məhkəmə araşdırmalarına baş vurmaqdan çəkinərək, onların qərəzli araşdırmaları ilə barışıb, növbəti dəfə bu duruma düşəndə məsələni yerindəcə “ənənəvi yolla” həll edəcəklər. Bu cür hallarla qarşılaşan sürücülərə tövsiyəm odur ki, öz qanuni haqlarını müdafiə etməkdən çəkinməsinlər. Ola bilər bu proses uzun vaxt və zəhmət tələb etsin. Amma əmin olsunlar ki, sonda nail olacaqları nəticə onlara hədsiz qürur verib, özünəhörmət hisslərini artıracaq. Habelə ümid edirəm ki, vətəndaş sürücülərə əziyyət verib, onlar arasında kütləvi narazılıq yaradan bu cür üzdəniraq məmurlar barəsində rəhbərlikləri tərəfindən yaxın vaxtlarda lazımi tədbirlər görüləcək və sürücülərimiz düzgün nişanlanmış yollarda öz avtomobilləri ilə sərbəst şəkildə şütüyəcəklər.

Rasim Abdulla