• 26 Aprel 2024
logo
YUXUMA YAZ...

YUXUMA YAZ...

Şəhid həmkarlarımın əziz xatirəsinə!

Salam Sirac, yaz, yuxuma yaz görüm necəsiniz, orada havalar necədir? Burada dolub havalar, sizin faciənizə dolan ürəklər kimi...
Məhərrəmi görürsənmi? Onu şəxsən tanımasam da, haqqında çox eşitmişəm. Rəhmətlik Natiq Qədimov “Məhərrəm yaxşı oğlandır” – deyirdi. “Yaxşılar tez gedir” deyib, qalanlara qarşı ədalətsiz olmaq istəmirəm. Amma bu deyimin həqiqət payı da az deyil... Heç olmasa tək deyilsiniz oralarda. Qadan alım, bir-birinizə hayan olun. Buralardan da nigaran qalmayın. Hamı sizdədir, Doğmalarınızın, əzizlərinizin bitib-tükənmək bilməyən göz yaşlarını silərək, yerə düşməyə qoymanyan nə qədər qardaş-bacınız varmış. Doğmalar, əzizlər sakitləşəcək, bunu siz də görmüsünüz. Amma cismani yoxluğunuzla barışana oxşamırlar, heç oxşamırlar…
Hə, yeri gəlmişkən, Məhərrəmin bacısı, hamımızın bacımız – deyim, necə möhkəm qadın imiş! Bir bilsən özünü necə apardı: Əsl Azərbaycan qadını kimi, başını dik tutdu, qardaşı ilə qürur duydu, O da duysun...

Hə, qardaş, azad olunmuş torpaqlarımızda, o müqəddəs işi görmək üçün bunca həmkarlarımızın içindən məhz sizi seçdilər.Yaman eqoist imişsiniz, şəhid olmağınızla da seçildiniz, budəfəki savaşın ilki, birincisi oldunuz ikiniz də..!

Hə, yuxuma yaz, axşam yatanda oxuyacam, görüm, daha nə var- nə yox? Oralarda darıxmaq necə olur? Buralarda çətin olur, çəkənlərə ağır yük yəni, sən ki, bilirsən. Tam da bilmədiyin bir şey varmış: Bacı-qardaşınızın sayı. Milyonlarlaymış, saymaqla bitməzmiş...

Bir şey deyim, aramızda qalsın. Məhərrəmə demə, ürəyi tablamaz, tək qalarsan... “Dünya ictimaiyyəti” deyilən ki, var, yenə susur. Həmişəki kimi də, boş-boş açıqlamalarla gözə kül üfürür sadəcə. Gör, ATƏT sizin minaya düşərək şəhid olmağınıza necə reaksiya verdi. Sirac, sən hər şeyə kameranın obyektivindən baxırdın deyə, bu təşkilatın media azadlığı üzrə nümayəndəsi Tereza RibEironu yəqin ki, üzdən tanıyarsan. Amma onun kim olduğunu Məhərrəm yaxşı bilər. Nə vaxtsa soruşsan deyər sənə. Tereza deyib ki, sizin faciəli ölümünüz dəhşətli xəbərdir. Gör necə tutub e bunu... Hələ Avropa İttifaqı… Avropa İttifaqından dedilər ki, mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdır. Ərazilərin minalardan təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir. Nə ünvan var, nə ad, nə də təpki. Sadəcə söz, hətta boş söz. Guya biz bunu kor olmuş “beynəlxalq”ların qulağına hayqırmırıq. Nə isə... Qardaş, nə deyim, sizdən sonra dünyanın tərzində heç nə dəyişməyib. Köhnə dəyirman, köhnə çarxdı...

Hər şey düzələcək, əziz qardaş, mütləq düzələcək. Bunu, sənin bu torpaqlarda göylərə qaldırdığın dronların kimi ruhun da seyr edəcək. Bir şey deyim, heç olmasa ona sevinin. Büküldüyünüz o bayraq sizə elə yaraşırdı ki, adamın Siz olmağı gəlirdi..! Doğrudan da Şəhid olub o bayrağı geyinənlər Vətən boyda, Vətən ağırlıqda olurmuş!

Hə, qardaş, yaz görüm, cənnət necədir? Allah Qurani Kərimdə buyurur ki, "Cənnətə daxil olan kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər". Amma siz bunu arzulamayın. Bir dəfənin ağrısı yetər, əzizlərinə, dostlarına...
Yuxuma yaz görüm, yaralarınız incitmir ki? Yox, bunu yazma, onsuz da bilirəm. Cənnət mələkləri sizə yaxşı baxacaq. Şəhidin mükafatı əvəzsiz olur axı... Nə isə... Yormayım səni. Məhərrəmə salam de. Buralarda yaxından tanış olmağımız üçün fürsət düşmədi. Bəlkə oralarda olar. Əlbəttə ki, nəsib olsa, məni də əməllərim Cənnətə götürə bilsə…

Eldəniz Vəliyev