• 5 Fevral 2023
logo
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidləri müəyyənləşib

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidləri müəyyənləşib

Yeni yaradılan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri müəyyənləşib.

Məhkəmə-Hüquq Şurasının bununla bağlı “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda müvafiq dəyişiklik edib.

Qərara əsasən, Abşeron, Xaçmaz, Xızı, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Sumqayıt şəhəri, Şabran, Şamaxı, Şuşa və Zəngilan rayonları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına daxildir.

Hərbi məhkəmələrinin ərazi yurisdiksiyasiyası baxımından isə Şuşa rayonu Füzuli Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri sırasına daxil edilib.

Eyni zamanda Abşeron, Xaçmaz, Xızı, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Sumqayıt, Şabran, Şamaxı, Şuşa və Zəngilan rayonları Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin siyahısından çıxarılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri siyahısında yer almış Xocavənd rayonu və Laçın rayonu isə Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin siyahısına daxil edilib. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılar olub:

- Bakı şəhəri Binəqədi rayonu;

- Bakı şəhəri Xətai rayonu;

- Bakı şəhəri Xəzər rayonu;

- Bakı şəhəri Qaradağ rayonu;

- Bakı şəhəri Nərimanov rayonu;

- Bakı şəhəri Nəsimi rayonu;

- Bakı şəhəri Nizami rayonu;

- Bakı şəhəri Pirallahı rayonu;

- Bakı şəhəri Sabunçu rayonu;

- Bakı şəhəri Səbail rayonu;

- Bakı şəhəri Suraxanı rayonu;

- Bakı şəhəri Yasamal rayonu;

- Xocavənd rayonu;

- Laçın rayonu.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il fevralın 3-də “Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında” sərəncam imzalayıb.

Sərəncamla Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmişdi ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.