• 30 Sentyabr 2022
logo
Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Azərbaycana gəlib

Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Azərbaycana gəlib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Fəxri Xiyabana gələn rəsmi qonaqlar xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Tədbir proqramının davamı olaraq Baş Prokurorluqda nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Qonaqları qəbul edən Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində görülən işlər barəsində geniş məlumat verərək, onlara milli qanunvericiliyin beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilməsi istiqamətində atılmış addımlardan, səmərəli dövlət idarəçiliyinə hesablanmış yeni institusional mexanizmlərdən, vətəndaşlara xidmət göstərməklə süründürməçilik hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyətindən bəhs edib. Habelə, çıxışında ölkə təcrübəsində şəffaflıq və keyfiyyətlilik meyarlarının rəhbər tutulduğu kompleks tədbirlərə dair konkret nümunələrə toxunan Baş prokuror prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun olaraq optimallaşdırılması, texnoloji innovasiyalardan faydalanmaqla bu sahədə mövcud prosedurların elektronlaşdırılması ilə bağlı görülən işlərdən, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə qarşılıqlı əməkdaşlıqdan danışıb.

Görüşdə xüsusi vurğulanıb ki, mövcud siyasi iradəyə əsasən ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri başlıca prioritetlərdən biridir, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası kimi mühüm təsisatlar tərəfindən qəbul edilmiş beynəlxalq sənədlərin ratifikasiya olunması təmin edilməklə, milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, eləcə də bu sahədə qəbul edilmiş normativ-hüquqi akt və strateji fəaliyyət planlarının səmərəli tətbiqinə müvəffəq olunub.

Bundan başqa, ölkəmizin ötən il aparmış olduğu 44 günlük haqq savaşı barədə söz açan Baş prokuror Kamran Əliyev xalqın birmənalı dəstəyinə arxalanan Ali Baş Komandan İlham Əliyevin göstərdiyi qətiyyət və müzəffər ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb.

Çıxışda müharibə günlərində düşmən tərəfinin beynəlxalq humanitar hüququn tələblərini kobud surətdə pozması, dinc əhaliyə və mülki obyektlərə ziyan vurmaqla çoxsaylı müharibə cinayətləri törətməsi təəssüflə vurğulanıb, həmin cinayətlərin istintaqı zamanı müəyyən edilmiş bir sıra faktlardan istinadlar gətirilib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndirib, ölkələrimiz arasında olan sıx münasibətlərin iki qurum arasında da davam etdiriləcəyinə, hazırki təcrübə mübadiləsinin tərəflərə yeni töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.

Qardaş türkdilli ölkələr olaraq dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin paralel olaraq, iki dövlətin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar onlarda xüsusi təəssürat oyadıb.

Hazırda Özbəkistan Respublikası Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyətinin səfəri davam edir. Nümayəndə heyətinin digər dövlət orqanlarının fəaliyyəti ilə tanış olması da nəzərdə tutulub.