• 28 Mart 2024
logo
İlk dəfə az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə üstünlük veriləcək

İlk dəfə az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə üstünlük veriləcək

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Ombudsmanın sorğusu əsasında Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Konstitusiyanın 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. APA-nın məlumatına görə, plenumda iş üzrə mülahizələr, ekspert rəyi və işin materialları müzakirə edilərək qərar qəbul olunub. Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələri Konstitusiyanın 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin olunması məsələsini həll edərkən, ilk növbədə, onların Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Qeyd edək ki, Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.