Bu gün ANAMA-da işğaldan azad olunmuş ərazilərdə aşkarlanan təhlükəli sursatlar- minalar, qumbaralar, həmçinin zirehli qoruyucu geyim və mina dedektivinin sərgisi təşkil olunub.
APA-nın məlumatına görə, sərgi haqqında ANAMA-nın Təlim və Keyfiyyətə Təminat Şöbəsinin Baş mütəxəssisi Musa Məmmədov məlumat verib. Baş mütəxəssis qeyd edib ki, sərgilənənlər tank və piyada əleyhinə minalar, əl və silah qumbaralarıdır. O, Qarabağda daha çox aşkarlanan Ermənistan istehsalı olan partlayıcılar barədə də məlumat verib. Mütəxəssis minaların növlərindən danışıb:"Minalar yaralama və öldürmə təyinatlı ola bilər. Bizim ərazilərdə daha çox OZM-72 minalarına rast gəlinir”,-deyə M.Məmmədov əlavə edib.
Daha sonra mütəxəssis qumbaralar və fərdi qoruyucu geyimlər haqqında da ətraflı məlumat verib.