• 6 Dekabr 2024
logo
Bakıda universitetin şöbə müdirinə cinayət işi açılıb

Bakıda universitetin şöbə müdirinə cinayət işi açılıb

Bakı Slavyan Universitetinin təhsil şöbəsinin müdiri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcək.