• 8 Dekabr 2024
logo
Alimpaşa Məmmədov 3,8 milyonluq dövlət əmlakını oğluna 220 manata satıb

Alimpaşa Məmmədov 3,8 milyonluq dövlət əmlakını oğluna 220 manata satıb

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun qanunsuz əməlləri açıqlanıb.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Alimpaşa Məmmədovun 3,8 milyon manatlıq bələdiyyə əmlakını oğlu Adil Adilzadəyə 220 manata satdığı qeyd olunub.

Belə ki, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adilzadə Adil və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satdığı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, A.Məmmədov mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaiti oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel" MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəldərək cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.