• 11 Oktyabr 2024
logo
Azərbaycanda 6111 nəfər İİV-ə yoluxub, kişilərin sayı daha çoxdur

Azərbaycanda 6111 nəfər İİV-ə yoluxub, kişilərin sayı daha çoxdur

2018-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 6111 nəfər İİV-ə yoluxmuş insan var. Onların 4320-si kişi, 1791-i qadındır.
Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə çıxış edən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdiyeva bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin 43,8 faizi inyeksiyon narkotik istifadəsi nəticəsində bu virusa yoluxub.
Dünyada İİV infeksiyası ilə yaşayan 37,9 milyon insanın olduğunu xatırladan Y.Abdiyeva əlavə edib ki, bir çox insanlar ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək İİV-ə görə müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır.
Y.Abdiyeva bildirib ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir:
“QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdırlar. Bu məqsədlə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” devizi altında aksiya keçirir. Aksiyanın məqsədi gənclərin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev deyib ki, ali təhsil müəssisələri arasında belə bir aksiya ilk dəfə bu universitetdə keçirilir.
Gənclərin sağlamlığının dövlətimiz üçün çox vacib olduğunu nəzərə çatdıran prorektor gənclərə özlərini zərərli infeksiyalardan qorumağı tövsiyə edib.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva deyib ki, sağlamlığın qorunması üçün insan ilk növbədə özü özünün həkimi olmalıdır.
Onun sözlərinə görə, gənclər sağlamlıqlarını qorumaq üçün maarifləndirici aksiyalarda, tədbirlərdə iştirak etməkdə maraqlı olmalıdırlar. Gənclər öyrəndikləri tibbi bilikləri ətrafdakılara da öyrətməlidirlər: "Tibbi biliklərlə bağlı internetdə kifayət qədər məlumatlar var. Bu biliklər həm gənclərin özlərinin, həm də yaxınlarının sağlamlığının qorunmasına kömək edər. Gəlin, QİÇS-lə mübarizədə birlikdə olaq.
Biz QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizədə səbəbləri araşdırmalı və onları aradan qaldırmalıyıq".
Milli Məclisin deputatı Sona Əliyeva bildirib ki, bu gün dünyada QİÇS-lə bağlı həyəcan təbili çalınır: "Azərbaycanda da minlərlə insan İİV və QICS-in daşıyıcısıdır. Bu gün İİV virusuna bərbər yanında saç kəsdirdikdə, pedikür və manikür etdikdə, tibb işçisi iynə vurduqda da yoluxmaq olar. Buna görə də insanlar yoluxma mənbələri haqqında çox məlumatlı olmalıdırlar ki, virusdan qoruna bilsinlər".
S.Əliyeva deyib ki, ölkədə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilsə də, insanlar özləri də sağlamlıqlarına etinasız yanaşmamalıdırlar.
Həkim Afət Məmmədli deyib ki, beynəlxalq tələblər insanlar arasında QİÇS-ə görə müayinənin məcburi tətbiq edilməsinə imkan vermir: "Düzdür, mən bu gün QİÇS-ə görə müayinənin məcburi olmasının tərəfdarıyam. Amma beynəlxalq tələblərdə bu, insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Buna görə də bu gün yalnız hamilə qadınlar və xəstəxanaya yerləşdirilən xəstələr məcburi qaydada QİÇS-ə görə müayinədən keçirilir".
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudov deyib ki, QİÇS yalnız tibbi problem deyil. Buna görə də ona qarşı mübarizədə yalnız tibb işçiləri deyil, bütün əhali iştirak etməlidir: "Bu infeksiya sosial əhəmiyyətli infeksiyon xəstəlikdir. Ondan qorunmaq üçün sağlam həyat tərzi keçirmək, zərərli vərdişlərdən uzaq olmaq lazımdır".
Qeyd edək ki, tədbirdə gənclər QİÇS-ə görə müayinədən də keçiblər.