• 8 Dekabr 2024
logo
Zaqatalada 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb

Zaqatalada 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb

Zaqatalada 6 ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Suvagil kəndində baş verib. Hadisə nəticəsində yaxınlıqdakı bir evə ciddi ziyan dəyib.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında bölgü əsasında Zaqatala rayonunun Suvagil kəndində yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. 78 metr dərinlikdə qazılan artezian quyusu istifadəyə verildiyi gündən ətrafda yaşayan100-ə yaxın ailənin içməli suya olan ehtiyacını ödəyib. Bir müddət öncə, yağan yağışlardan sonra artezianın suyu bulanmağa və artmağa başlayıb. Bir neçə gün öncə isə gecə saatlarında artezian quyusu 10 metr diametrliyində, 5 metr dərinliyində çöküb. Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Yalnız yaxınlıqdakı bir evə ziyan dəyib.

İlkin ehtimallara görə, subartezian quyusunun çökməsinə səbəb 20-25 metr dərinlikdən gələn qurunt sularıdır. Hal-hazırda ərazidə lazımi təhlükəsizlik tədbirləri görülməklə aidiyyəti qurumlara məlumat verilib.

Əraziyə Bakıdan mütəxəssislər cəlb edilib.