Kreyq Mazin tərəfindən yaradılan və onun senarisi əsasında çəkilmiş "Çernobıl" mini serialı haqqında bütün dünyada fikirlər heç də birmənalı deyil. Lakin serial tənqidçilərin və tamaşaçıların böyük əksəriyyəti tərəfindən çox yüksək qiymətlər alıb.
Beş seriyadan ibarət miniserialın rejissoru Yohan Renkdir. Miniserial ABŞ-ın "HBO" telekanalı və Böyük Britaniyanın "Sky" televiziya şəbəkəsi tərəfindən birgə istehsal edilmişdir. Miniserialın ilk bölümü 6 may 2019-cu il tarixində ABŞ-da, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanmışdır. Serialda 1986-cı il aprelin 26-da Çernobıl nüvə stansiyasında baş verən qəzadan, əhalinin zədələnməyə məruz qalan ərazilərdən evakuasiyasından, fəlakətin nəticələrinin aradan qaldırılmasından və onun səbəblərini müəyyən etmək təşəbbüslərindən bəhs olunur. "Çernobıl" miniserialında "bəşəriyyət tarixindəki ən böyük fəlakətlərdən birinin gerçək hekayəsini" dramatikləşdirilir və "Avropanı təsəvvür edilə bilməyən fəlakətdən xilas etmək üçün özlərini qurban verən cəsur kişi və qadınlar" ekranlaşdırılır. Miniserialın diqqət mərkəzində 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-də atom elektrik stansiyasında baş verən fəlakətin kədərinin tamaşıçıya ötürülməsi dayanır. Miniserialda fəlakətin necə və niyə baş verdiyi faktlarla nümayiş olunur. Miniserialın böyük bir hissəsi Pripyat şəhər sakinlərinin xatirələrinə, eləcə də Belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Çernobıl duası" əsərinə əsaslanır. Belarus yazıçısı Svetlana Aleksiyeviçin hələ 1997-ci ildə "Çernobıl duası" əsəri "gələcəyin xronikası" yarımsərlövhəsi ilə çap olunmuşdu, eyni zamanda texnoloji və sosial fəlakəti özündə ehtiva edirdi, böyük ixtilaflar və ziddiyyətlər nəticəsində "nəhəng sosialist materikin suyun altında qərq olması" da bu əsərdə məharətlə əks edilmişdi. "Çernobıl"ı çəkən komanda düşünür ki, Çernobıl faciəsi film deyil, insanlıq tarixidir. "Çernobıl" serialı Litva və Ukrayna ərazisində çəkilib. Litva da ona görə seçilib ki, orada hələ də sovet dövründə tikilən binalar qalır və orada yerləşən İnqal Atom Elektrik Stansiyasına giriş icazəsi verilib. Hadisənin baş verdiyi Pripyat şəhərindəki səhnələrin çəkilişi isə Litvanın paytaxtı Vilnüsün rayonlarından birində baş tutub. Sonuncu seriyanın çəkilişləri Ukraynanın paytaxtı Kiyevdə olub. Ekran işində əsas 5 obraz - Valeri Leqasov, İqnatenko ailəsi, Ulana Xomyuk, Boris Şerbina və Anatoli Dyatlov var. Televiziya serialının süjet xəttinə görə, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın səbəblərini və nəticələrini araşdıran komissiyanın üzvü, alim Valeri Leqasovun karyerası, fəlakət haqqında öz variantını təqdim etdikdən və 1986-cı ildə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) konfransında çıxış edərkən bir sıra gizli məlumatları açıqladıqdan sonra sona çatdı.
Səhiyyə təşkilatları bildirirlər ki, fəlakət bölgəsinə qonşu ərazilərdə təxminən 6-8 milyon insan şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlarda xərçəng və müxtəlif xəstəlikər müşahidə olunur. "Çernobıl" ideyasının meydana gəlməsi Kreyq Mazinin miniserialı yaratmağa olan marağı "hal-hazırda həqiqətə açılan qlobal müharibə ilə necə mübarizə apardığımızı" xitab edəcək bir senari yazmaq qərarına gəlməsiylə yaranmışdır. Digər bir ilham mənbəyi onun Çernobıl AES-in partladığını bilməsi, lakin niyə partladığı haqqında xəbərdar olmaması olmuşdur. "Bilmirdim niyə. Fikirləşdim ki, mənim bilmədiyim bir boşluq var... Buna görə də mən bu faciə haqqında oxumağa başladım, bu sadəcə olaraq intellektual maraqdan başqa bir şey deyildi. Baxmayaraq ki, partlayışın hekayəsi heyranedicidir və bunun niyə və necə baş verdiyini açıq-aydın bilirik, aşkar etdiklərim arasında məni heyran qoyan, bunu yaşayan, qorxuducu və getdikcə pisləşən ehtimallara baxmayaraq, sevdikləri insanları, öz həmvətənlərini və bir qitəni xilas etmək üçün əziyyət çəkmiş və özünü qurban vermiş insanların ağıla sığmayan hekayələri idi. Bu, mənə çox təsir etmişdi. Elə bil ki, insanların əslində o qədər də təsvir etmədiyi yeni bir müharibəni kəşf etdim və bu məni dəli edirdi". Reytinqlər haqqında HBO-nun istehsal etdiyi "Çernobıl" serialı dünyanın ən böyük kinomatoqrafiya saytı olan İMDB-də ("İnternet Movie Database") reytinqlərdə mümkün 10 baldan 9,7 bal yığaraq böyük tamaşaçı kütləsi toplayaraq ilk sırada qərarlaşıb. (https://www.imdb.com/title/tt7366338/)
Miniserialın izləyiciləri sırasında yaxın keçmişdə baş vermiş böyük fəlakətin şahidləri ilə yanaşı, SSRİ dövründə yaşamayan, "soyuq müharibə", "sürətli silahlanma", "nüvə müharibəsi təhlükəsi", "nəyin bahasına olursa-olsun çatmaq və ötmək" anlayışlarının yad olduğu, səadət hissi zəif olan, hər şeydən tez bezən, standart işləri görmək istəməyən, lakin yaradıcılıq qabiliyyəti yüksək, sosial aktivlikləri daha güclü olan "Z" nəslinin nümayəndələri də böyük əksəriyyət təşkil edib. Nəzərdən qaçırmaq olmaz ki, digər məşhur serial "Taxtların oyunu" ("Game of Thrones") da HBO şirkətinin istehsalıdır və "Çernobıl"ın nümayişinə qədər liderlik mövqeyində idi. Bu şirkət kütləvi auditoriyalar qazanmaq üçün seriallar çəkməyi hədəfləyir və məhsullarının düzgün seçilmiş təbliğatı ilə nəticəyə müvəffəq olur. Tənqidçilərin mövqeyi "HBO"-nun reytinq rekordları qıran miniserialında sovet dövrünün reallıqlarının hansı dərəcədə doğru əks olunduğu və hansı siyasi məqsədlərə xidmət etdiyi haqqında bir sıra tənqidi çıxışlar səslənib. Qeyd etmək lazımdır ki, "Çernobıl" tənqidçilərdən çoxlu təriflər də yer almışdır. "Rotten Tomatoes" saytında 67 baxışa əsaslanaraq ortalama 10 baldan 8.93 bal ilə 96% təqdir edilmə dərəcəsi var. Saytın tənqidi konsensusunda aşağıdakı sözlər qeyd olunub: "Çernobıl" heç bir dağılmayan ürpədici bir qorxu ilə özünə bağlayır, ayrı-ayrı peşə sahibləri və institusional çürümənin ağıllı təhlili ilə bir milli faciəni dramatikləşdirir.
(https://www.rottentomatoes.com/tv/chernobyl/s01)
"Metacritic" saytında 26 baxışa əsaslanaraq 100 baldan 83 bal ilə "qlobal təqdir" əldə etmişdir. (https://www.metacritic.com/tv/chernobyl)
"The Atlantic", "The Washington Post" və "BBC" mütəxəssisləri teleserialda yalançı rəhbərlərin dövrün və cəmiyyətin paralellərini, reallıqlarını, məlumatın gücünü dərk etməkdən kənarda olduqlarını və buna görə də səhvlər etdiklərini xüsusilə vurğulayıblar (https://www.bbc.com/news/entertainment-arts-48090834). "The Atlantic" jurnalının mütəxəssisi Sofi Gilbert teleserialı "həqiqətin qiymətdən salınması və itkilərin kədərli tədqiqatı" adlandırmışdır. (https://www.theatlantic.com/entertainment/archive/2019/05/chernobyl-gruesome-riveting-fable-hbo/588688/). "The Washington Post"-un əməkdaşı Henk Stüver "yalan danışmaq standart olduğunu və hakimiyyətdən sui-istifadə edildiyi zaman hansı nəticələrə gətirib çıxarır" ideyasını göstərdiyinə görə teleserialı tərifləmişdir. (https://www.washingtonpost.com/entertainment/tv/a-grim-chernobyl-shows-what-happens-when-lying-is-standard-and-authority-is-abused/2019/05/05/63fd3d04-6dd2-11e9-a66d-a82d3f3d96d5_story.html?noredirect=on&utm_term=.9437ab76e6f0).
"Çernobıl"a olan böyük maraq nədən qaynaqlanır?
Bu suala cavab vermək üçün bir neçə amilə diqqət yetirmək lazımdır. Miniserialı izləyərkən bir çoxlarımızı yeganə sual düşündür: Ukrayna Sovet Sosialist Respublikası sərhədləri daxilində olan Çernobıl atom elektrik stansiyasında baş vermiş partlayışın arxasında dayanan əsl səbəb nə idi? "Post-həqiqət" konsepsiyasının daha çox aktuallaşdığı bir dönəmdə "həqiqətlər və yalanlar" haqqında danışmaq nə dərəcədə doğrudur? İdeologiyadan "ayrılmaq və təmizlənmək" şərti ilə müasir dünyada baş verən hadisələri təhlil etmək və elmin işığında "həqiqətə" baxmaq mümkündürmü? Bu suallara cavablarını vermək üçün "HBO"-nun istehsal etdiyi digər bir məşhur serialı ("Game of Thrones") vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər.
"Taxt-tacların oyunu" haqqında ən geniş yayılmış fikir ondan ibarətdir ki, bu serial Qərbdə yaşayan müasir insanların qorxularını təcəssüm etdirir. Serialda nümayiş olunan vəhşilərin qarşını almaq üçün tikilmiş divar qaçqınların, miqrantların, işsizlərin, cinayətkarların, terroristlərin içəriyə daxil olmasını qadağan edən xəyali və fiziki divarları simvollaşdırır. Qeyd etdiyimiz məsələlər Avropada miqrant problemi haqqında radikal çıxışların səsləndiyini bir dönəmdə "Taxtların oyunu" serialı vasitəsilə nümayiş olundu. Ekoloji fəlakətlər haqqında müzakirələrin daha geniş vüsət aldığı bir zamanda "Çernobıl" faciəsinin ekranlaşdırılmasında da təsadüfi heç nə yoxdur. Hesab edirəm ki, "Çernobıl" serialına böyük marağın olması birbaşa olaraq bizim qorxularımızla bağlıdır. Serialda əsas vurğunun məhz qorxu amili üzərində edilməsi "Çernobıl"a olan marağı müəyyənləşdirən əsas amillərdən hesab olunur.
Qlobal istiləşmə, bəzi heyvan növlərinin nəslinin kəsilməsi, ətraf mühitin çirklənməsi hazırda bütün dünyanın mütəxəssislərini düşündürən problemlər sırasındadır. Bəzi ekspertlər elə hesab edir ki, artıq bütün dünya və insanlıq üçün həyəcan təbili çalınmaqdadır. Aralarında ideologiya cəhətdən fikir ayrılığı olan elm adamları da gözlənilən böyük fəlakət haqqında məsələlərdə eyni fikirdən çıxış edirlər. Məsələn, fəlsəfənin öldüyünü, onun yerini elmin tutduğunu söyləyən Stiven Hokinqin vəfatından sonra çap olunan "Böyük suallara qısa cavablar" ("Brief Answers to thr Big Questions") kitabında məşhur fizik yazır ki, "...hesab edirəm ki, nüvə müharibəsi və ya ekoloji fəlakət qaçılmazdır və yaxın 1000 il ərzində bütün dünyaya zərər vuracaqdır. Ümid edirəm və inanıram ki, o zamana qədər ağıllı və yaradıcı elm adamlarımız dünyanı təhdid edən sərhədlərdən qurtulmağın bir yolunu tapacaq və belə bir fəlakətdən xilas olacaqdır... " Hokinqinə görə, Yer kürəsi yaşamaq üçün münasib yer deyil. Bizim yeganə şansımız - yeni bir yaşayış sahəsi tapmaqdır. İnsanların Yer kürəsini tərk etməkdən başqa çarəsi yoxdur, əks təqdirdə "məhv ola" bilərlər. Hokinqini mövzunu diqqətə almadan və fəlsəfi qanunları inkar edərək alimlik etməkdə ittiham edən Hegelçi/Lakançı Qərb filosofu Slavoy Jijek də əslində fərqli şəkildə olsa da eyni nəticəyə gəlmişdir.
Bəs Çernobılda nə olmuşdu? Alimlərin cavabı çox aydın görünür: Postmodern tərəfdarları bildirirlər ki, Çernobıl haqqında bu yanaşma mövcud şəraitdən yaranan bəlalardan biridir və hazırda obyektiv bir həqiqət haqqında danışmağın mümkün deyil. Bəlkə də bu dualizmin kənarına çıxmaq və fəlakətə "Lakanın həqiqəti" mövqeyindən baxmaq faydalı olar. Lakan postmodernist deyil. Onun sözlərinə görə, həqiqət mövcuddur və ona elm yolu ilə toxunmaq olar. Amma Lakan analitik mütəfəkkir də deyil. O diskursiv (formal məntiqi nəticələrə əsaslanan) universitet yanaşmasına qarşıdır. Müasir ideologiyanın bir hissəsinə çevrilən "müvazinət", təbiət anlayışından ciddi şəkildə fərqlənir. Jijek bunu incə şəkildə ifadə edir: "Ana-təbiət yoxdur". Müvazinətdə "təbiət" - bir uydurmadır". Bu nöqteyi-nəzərdən baxanda aydın görünür ki, milli dövlətlər böyük təbii fəlakətlər qarşısında çox acizdirlər. Bununla əlaqədar olaraq, Lakanın fikirlərini qeyd etmək lazımdır: "millət", "dövlət", "Tanrı", "təbiət" - bunların heç biri ardıcıl son nöqtə deyildir. "Həqiqət" isə dağıdıcı bir qüvvədir, müvazinəti də yoxdur, heç bir zaman da olmamışdır. Hegelə istinad edərək deyə bilərik ki, "qədim misirlilərin sirləri, elə onların özləri üçün də sirr olaraq qalırdı". Dünyada öz gücünü və siyasətini diqtə edən super dövlətlərin və beynəlxalq təşkilatlarin struktur dəyişiklikləri olmadan sadə və primitiv tədbirləri yalnız səthi dəyişikliklərə gətirib çıxara bilər. Qədim sual hələ də öz qüvvəsində qalır: 1000 il sonra dünya nə cür olacaq? Hər halda o dövrdə filmlər və ya miniseriallar çəkərək keçmiş tarixi müasir insanın gözündən salmağa çalışmayacaqlar. Rusiyanın cavabı haqqında ehtimallar və proqnozlar Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın istehsalı olan "Çernobıl" miniserialının çəkilməsinin əsas məqsədi Rusiyaya zərbə vurmaq, sovet rəhbərliyinin yürütdüyü yarıtmaz siyasəti, "sovet təbliğat maşının" problemlərini, qüsurlarını ifşa etmək və əsl həqiqətlərin xalqdan gizlədilməsi nəticəsində nəhəng fəlakətin baş verdiyini bütün dünyaya nümayiş etdirmək ibarətdir.
SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov özünü müdafiə etmək üçün miniserial haqqında dərhal reaksiya nümayiş etdirərək ekran əsərində yalan məlumatların olduğunu, ssenarinin yalan üzərində qurulduğunu, Çernobıl atom stansiyasında qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi vermədiyini söyləyib. Rusiyalı mütəxəssislər yalnız teleserialı tənqid etməklə kifayətlənirlər. "Çernobıl" Atom Elektrik Stansiyasında (AES) qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Yevgeni Şevçenko "HBO" kanalını ittiham edərək, serialın yaradıcılarını həqiqəti təhrif etməkdə günahlandırıb. Onun sözlərinə görə serialda qəzadan sonra funksionerlərin şəhəri təcrid etdiyi, heç kimin giriş-çıxışına icazə verilmədiyi göstərilir. Əslində isə heç kim insanları məcburən orada saxlamayıb. Şevçenko vurğulayıb ki, qəzanın ilk dəqiqələrindən insanların təxliyyə edilməsi üçün mindən çox avtobus və 20 yük maşını hazırlanıb, həqiqətlərin təhrif edilməsində məqsəd ölkənin imicinə mənfi təsir göstərməkdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin sözlərinə görə, serialda hər şeyə səthi yanaşılıb, Çernobılda baş verənlər tam dəqiqliyi ilə əks olunmayıb. "Çernobıl" serialına cavab olaraq Rusiyanın hansı addımı atacağı da böyük maraq doğurur. Fikrimizcə Rusiya Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın İraqa hücumu haqqında filmin və ya serialın çəkilməsi məsələni daha da qəlizləşdirə bilər. Çünki müttəfiqlərin İraqa hücumu da tamamilə yalanlar üzərində qurulmuşdu. Çernobıl faciəsində olduğu kimi İraqın vətəndaşları da qısa və uzunmüddətli müharibələrdən, dəhşətlərdən, terror hadisəsindən əziyyət çəkir.
2009-cu ilin iyun ayından etibarən koalisiya qüvvələrinin İraqa müdaxiləsi və onun nəticələrinin araşdırılması üzrə Komissiyanın sədri sir Con Çilkotun 2016-cı il iyulun 6-da təqdim etdiyi hesabatda Corc Buşun və Toni Bleyerin etirafları da yer alıb. Hesabatda digər məsələlərlə yanaşı Səddam Hüseynin Britaniya maraqlarına qarşı təhlükə yaratmadığı, Britaniya kəşfiyyat əməliyyatlarının əsl səbəbi İraqda kütləvi qırğın silahlarının axtarışının, münaqişəni həll etmək və müharibənin qarşısını almaq üçün sülh yolu tapmağın, ABŞ və Birləşmiş Krallıq BMT-nin Təhlükəsizlik Şurasının nüfuzunu sarsıtdığı, işğalın hüquqi əsaslarının müəyyənləşdirilməsi prosesinin "kifayət qədər qənaətbəxş olmadığı" və nəhayətdə, 2003-cü ilin mart ayında baş verən müharibənin qarşısını almağın mümkünlüyü qeyd olunurdu.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq