• 8 Dekabr 2024
logo
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Türkiyə Cümhuriyyətinin dövlət bayramı olan 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı Bakıda, qardaş ölkənin səfirliyində qeyd olunub.

23 aprel 1920-ci il Türkiyənin istiqlal və qurtuluş mücadiləsi salnaməsində ən önəmli günlərdən biridir. Həmin gün Ankarada Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Böyük Millət Məclisi açılıb və bununla yeni dövlətin – Türkiyə Cümhuriyyətinin qurulması yolunda tarixi addım atılıb. Cümhuriyyət qurulandan sonra Atatürkün təşəbbüsü ilə bu gün Türkiyənin yetişən nəslinə ərməğan olaraq Milli Suverenlik və Uşaq Bayramı elan edilib.

Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü pandemiya ilə bağlı mövcud şərait nəzərə alınmaqla səfirlikdə kiçik bir törənlə qeyd olunub.

Mərasim barədə Türkiyə səfirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı, diplomatik nümayəndəliyin əməkdaşları, Bakı Türk Anadolu liseyinin şagirdləri iştirak ediblər.

Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən diplomat bildirib ki, bu bayramı qardaş ölkənin paytaxtı Bakıda gələcəyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd etmək çox xoşdur. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi, hakimiyyət qeyri-şərtsiz olaraq xalqa məxsusdur.

Səfirin çıxışından sonra Bakı Türk Anadolu liseyinin şagirdi Samirə İsmayılova Türkiyənin dövlət himnini – “İstiqlal Marşı”nı söyləyib.

Sonda səfir uşaqları iş otağına dəvət edib və 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramının simvolik ənənəsinə uyğun olaraq, vəzifəsini müvəqqəti olaraq onlara həvalə edib.