“2006-2012-ci illərdə 10 600 hektar neftlə çirklənmiş ərazi qeydiyyata düşmüşdü”.
APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, indi həmin ərazilərdə çirklənmə 8-9 dəfə aşağı düşüb: “Neftlə çirklənmiş ərazilərin demək olar ki, çox hissəsi təmizlənib. Amma həmin ərazilərdə mövcud olan qarışığın tam təmizlənməsində müəyyən qədər çətinliyimiz var. Düşünürəm k, neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində bir proqramımız olmalıdır. Bu gün təxminən 1000 hektar neftlə çirklənmiş ərazi mövcuddur”.
Onun sözlərinə görə, neftlə çirklənmiş ərazilər lay suların idarə olunmaması nəticəsində yaranır: “Abşeron yarımadasının 80 faizində lay sularının idarə olunması tam təmin olunub, qapalı su hövzəsinə keçirilib, hətta həmin sudan təkrar istifadə olunur. Amma Suraxanı, Balaxanı, Binəqədi, hətta Bibiheybətin müəyyən ərazilərində neftlə çirklənmiş ərazilər var”.