• 3 Dekabr 2021
logo
Ağdam – yer üzündən silinmiş şəhər

Ağdam – yer üzündən silinmiş şəhər

Aprelin 15-də Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə bir qrup jurnalistin Ağdama səfəri baş tutdu. Səfər çərçivəsində ilk olaraq Uzundərə adlanan ərazidə, daha sonra isə Ağdamın girəcəyində uşaq xəstəxanasının qarşısında, “İmarət”də, həmçinin Pənahəli xanın sarayında, Şəhidlər Xiyabanında, Qaracı qəbirstanlığında, Ağdam Cümə məscidində və Şahbulaq qalasında olduq.
Erməni vandalları tərəfindən yer üzündən silinmiş Ağdam şəhərinə girməzdən öncə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) meneceri Ehtiram Cəfərov bölgədə mina təmizləmə prosesi ilə bağlı görülən və görüləcək işlərlə bağlı məlumat və zəruri tövsiyələr verdi.
Səfər müddətində jurnalistləri müşayiət edən YAP Ağdam rayon təşkilatının aparat rəhbəri Zülfi Qasımov tanış olduğumuz ərazilər, məzarlıqlar və ümumilikdə dağıdılmış infrastrukturla bağlı ətraflı məlumat verdi.
Təbii ki, Ağdamla bağlı dəfələrlə yazı yazmışıq. Amma real mənzərəni əyani olaraq görmək fərqli təəssürat yaradır. Ermənilər azərbaycanlılara qarşı mümkün olan bütün pislikləri edib, bütün tikililər vəhşicəsinə dağıdılıb. Tarixi abidələr məhv edilib, o cümlədən türbələr, həmçinin Xurşudbanu Natəvanın məzarı açılıb.
Tikililərlə yanaşı məzar daşları sındırılıb, bəzi məzarlıqlar artıq yoxdur. Bundan başqa insanın anlamaqda çətinlik çəkdiyi daha bir məqam isə bir çox məzarların qazılaraq insan sümüklərinin harasa aparılmasıdır. Ağdam şəhərində salamat tikili qalmayıb. Sadəcə yararsız halda olsa da Məscid dağıdılmayıb ki, məscidin də minarələrindən ermənilər Azərbaycan ordusunun mövqelərini müşahidə üçün istifadə ediblər.
Bütün bu faktlar bizə yalnız bir istiqamət verir. Xarici media ilə daha çox işləmək, dünyada özlərinə məzlum obrazı yaratmış ermənilərin hansı xislətə malik olmasını, ermən vandalizmini bütün dünyaya çatdırmaq. Media olaraq bununla bağlı üzərimzdə ağır məsuliyyət yükü var və buna görə də hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Aramızda olan ağdamlı jurnalsitlərin doğulub böyüdükləri, boya-başa çatdıqları və xarabazara çevrilmiş evlərini, təhsil aldıqları məktəbləri, küçələri görən zaman hönkürtülərini duymaq çox ağır və undulmaz mənzərədir. Ermənilər bizim, vətənimizin bir parçasını, Ağdamımızı, amma onların həm də uşaqlıq xatirələrini yer üzündən siliblər.
Bu ağır mənzərə ilə bağlı yeganə təsəllimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Təbii ki, biz qalib xalq və dövlət olaraq Ağdama və bütün işğaldan azad edilmiş torpaqlarımıza həyatı yenidən qaytaracağıq. Yenə də orada bu gün hönkürən həmkarlarımızın övladlarının, nəvələrinin uşaqlıq xairələri doğulacaq…

Əli Zülfüqarolu