ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı Entoni Blinken ABŞ-ın dinc və firavan gələcəyi dəstəkləmək üçün Əfqanıstanın yanında olduğunu açıq şəkildə bildirib. Blinken və Prezident Qani Əfqanıstandakı ortaq sərmayəmizi və son 20 ildə qazandıqlarımızı qorumağın, xüsusilə güclü bir vətəndaş cəmiyyəti qurmaq, qadın və qızların hüquqlarını qorumağın əhəmiyyətini müzakirə ediblər.
Terrorla mübarizədə əməkdaşlıq və “Əl-Qaidə”nin Əfqanıstanda özünə heç vaxt yer etməməsi üçün ortaq öhdəlik barədə də danışıblar”, - deyə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi bu gün Əfqanıstana gözlənilməz səfər edib.