• 9 Dekabr 2024
logo
Azərbaycanlı alim: "AstraZeneca"nın tam tətbiqi yoluxmanın ciddi azalmasına gətirib çıxarır

Azərbaycanlı alim: "AstraZeneca"nın tam tətbiqi yoluxmanın ciddi azalmasına gətirib çıxarır

"AstraZeneca" peyvəndinin həm virusa qarşı, həm də virusdan sağaldıqdan bir müddət sonra tətbiqi zamanı müsbət təsirləri ilə bağlı aparılan elmi tədqiqatlara nəzər saldıqda bir daha bu peyvəndlərin yüksək effektivliyinin şahidi oluruq.

Bunu APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

N. Abdullayevin sözlərinə görə, bu tədqiqatların nəticələrinə əsasən müəyyən olunub ki, virusa yoluxub sağalan, amma aylarla onları incidən, yüngül və qalıcı simptomlardan əziyyət çəkən insanlara da bu peyvəndlər çox müsbət təsir göstərir: "Belə ki, onlar elmi ədəbiyyata "Long-COVID" simptomları kimi düşən bu qalıcı simptomlardan da azad olurlar. Bundan əlavə, digər elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, hətta "AstraZeneca"nın birinci dozası ilə peyvəndləndikdən sonra insanlar virusdan qorunmadıqlarına görə virusa yoluxarlarsa, bu zaman orqanizmdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olur. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla xəstəliyi keçirir və ya yoluxduqlarından xəbərsiz olurlar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi, yəni yoluxduruculuğu çox aşağı olur və nəticədə ətrafdakı insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, "AstraZeneca" peyvəndinin tam tətbiqi virusa yoluxmanın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.

Azərbaycanlı alim bildirib ki, aparılan elmi tədqiqatda, həmçinin peyvənd aldıqdan bir müddət sonra hər hansı bir şəkildə virusa yoluxaraq xəstəliyi çox yüngül, bəzən də xəbərsiz keçirənlərin peyvənd almayan şəxsləri hansı səviyyədə yoluxdurması da araşdırılıb: “Belə ki, peyvəndləmə başladıqdan sonra peyvənd vurulmayan insanlardakı virus yükü ilə peyvəndləmədən öncə olan ümumi virus yükü müqayisə edilib. Bu, gündəlik 20 minə yaxın test aparan böyük laboratoriyalarda yoxlanılıb. İnsanlar arasında aparılan ümumi peyvəndləmədən təxminən 2 həftə sonra gələn, öncədən peyvənd almayan insanlardakı virus yükünə baxılıb. Nəticədə məlum olub ki, peyvəndləmədən sonra xəstələnən insanların ümumi virus yükü peyvənddən öncə xəstələnən şəxslərdəki virus yükündən çox aşağıdır. Belə ki, peyvənd almayan şəxslərdə bu virus yükü təxminən xəstəlikdən bir həftə keçdikdən sonra sağalan insanda virulentliyini itirən virus yükünə bərabər olub. Bir sözlə, aparılan elmi tədqiqatlarda peyvəndin təsirindən nəinki peyvənd alan şəxslərdə, hətta peyvənd almayan insanlarda da virus yükünün xeyli aşağı endiyi məlum olub və bu da xəstəliyi çox yüngül simptomlarla və ya heç hiss etmədən keçirmək deməkdir. Bununla da pandemiya ilə çox uğurlu mübarizə aparmaq və tez bir zamanda normal həyata qayıtmaq mümkün ola bilər. Ona görə də insanlarımız mütləq şəkildə dövlətimizin bu gün yaratdığı şəraitdən istifadə edib həm özlərini qorumalıdırlar, həm də pandemiya ilə mübarizəyə öz töhfələrini verməlidirlər”.

Alim bildirib ki, sözügedən tədqiqatlarla bir daha peyvəndlənmənin nə qədər önəmli olduğunun şahidi oluruq: “Burada vurğulamaq istəyirəm ki, yuxarıdakı tədqiqatlar "AstraZeneca" peyvəndi ilə aparılsa da, eyni nəticələr fərqli tədqiqatlarda "Biontech/Pfizer" peyvəndi ilə də alınıb ki, bu da bir daha peyvəndlərin müstəsna rolundan xəbər verir".