• 8 Dekabr 2024
logo
Azərbaycanın UNESCO-dakı səfiri: “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raket atılması hərbi cinayətdir”

Azərbaycanın UNESCO-dakı səfiri: “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raket atılması hərbi cinayətdir”

“Təəssüf ki, erməni işğalının nəticələri dağıdıcıdır. İşğal dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər minlərlə abidədən 400-dən çoxunun məhv edildiyi müəyyənləşdirilib. Azərbaycana məxsus mədəni və dini əmlak talan edilib, dağıdılıb, dəyişdirilib və qanunsuz olaraq Ermənistana aparılıb. Bu, 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunun, eləcə də 1970-ci il Konvensiyasının açıq şəkildə pozulmasıdır”.

APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, bunu UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun İcra Şurasının 211-ci sessiyasında çıxışı zamanı söyləyib.

Səfir bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat, atəşin və Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərin tamamilə dayandırılması ilə nəticələnib və ərazilərimizin Ermənistan tərəfindən təxminən 30 illik işğalına son qoyulub.

Vurğulayıb ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri Şuşa şəhərini “İsgəndər” ballistik raketlərlə hədəfə alıb. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır və UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raketin atılmasını Ermənistanın baş naziri özü etiraf edib. Bu, açıq hərbi cinayətdir və 1954-cü il Haaqa Konvensiyasının və İkinci Protokolunun açıq şəkildə pozulmasıdır. Ermənistanda ən yüksək səviyyədə etiraf edilən bu düşmənçilik hərəkəti, açıq şəkildə Ermənistan hökumətinin mədəni və dini dəyərlərə qarşı sərt yanaşmasını əks etdirir. Bu hərəkətlərdən məsul olanlar ədalət məhkəməsində mühakimə olunmalıdırlar.

Müstəqil texniki missiya tərəfindən Azərbaycanın mədəni irsinə vurulmuş misilsiz ziyanın qiymətləndirilməsi Azərbaycan Hökuməti üçün prioritetdir və 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolu əsasında texniki və tamamilə siyasiləşdirilməmiş bu missiyanın zəruri parametrlərini hazırlamaq üçün UNESCO ilə sıx əməkdaşlıq edirik.

Daimi nümayəndə diqqətə çatdırıb ki, Ermənistan danışıqlar prosesini yayındırmağa və ondan beynəlxalq birliyi çaşdırmaq üçün siyasi vasitə kimi istifadə etməyə çalışır.

Bildirib ki, missiyanı siyasiləşdirmək cəhdləri və mədəni irslə bağlı hər hansı digər məsələlər bu missiyanın uğurla həyata keçirilməsi istiqamətində UNESCO-Azərbaycan birgə səylərini təhlükə altına qoya bilər.

Qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərinə texniki missiya göndərilməsi ilə bağlı bəzi nümayəndələrin dəstəyini yüksək qiymətləndiririk.

Daimi nümayəndə Ermənistanın hələ də mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi məsələsinə də toxunub. Bildirib ki, bu, hökumətimizin bərpa işlərini həyata keçirməsinə mane olur, mülki şəxslərin doğma yurdlarına qayıtmasını gecikdirir və təhlükəsizlik narahatlıqlarına görə azad edilmiş ərazilər daxilində səyahətləri məhdudlaşdırır. Mina partlayışları nəticəsində onlarla insan ölüb, çox sayda yaralı var.

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini olmasından asılı olmayaraq, Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

E. Abdullayev bu gün dünyanı cənginə alan koronavirus problemlərinə də toxunub: “Artıq ikinci ildir ki, COVID-19 pandemiyası cəmiyyət üçün böyük təhlükə yaratmaqda davam edir və yaşayışımıza dağıdıcı təsir göstərir. Bu pandemiya sanitar böhrandan daha böyükdür və onun yaratdığı çətinliklərin öhdəsindən birgə gələ bilərik. Azərbaycan UNESCO-nun təşəbbüslərini dəstəkləyir və müxtəlif beynəlxalq platformalar daxilində COVID-19 ilə fəal şəkildə mübarizə aparır”.