• 30 Noyabr 2021
logo
70 yaşınız mübarək, Fəzail müəllim!

70 yaşınız mübarək, Fəzail müəllim!

Xaraktercə güclü, xarizmatik insandır. Qeyri ciddi hərəkətlərə yol vermir, özünə və ətrafdakılara qarşı çox təlabkardır. Qürurludur, heç vaxt bu keyfiyyətinə xəyanət etmir. Dəyərlərə önəm verir, milli ənənələrə sadiqdir. Səliqə-səhmanı xoşlayır. Düşdüyü mühitdən asılı olmayaraq nizam- intizama riayət edir. Davranışında mükəmməldir, zarafat etsə belə ciddi görünür. Heç vaxt artıq danışmır, fikrini qısa şəkildə ifadə etməyi bacarır...

Deyir ki,- "Əgər bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"- bunu ancaq abırlı insanlar düşünə bilər. Bizdə belələrinə "imam kimi kişidir", deyirlər…

Onun dilindən heç zaman kobud söz eşidən olmayıb- yüksək mədəniyyətin beşiyi daxili zənginlikdir…

Hadisələri düzgün təhlil etmək qabliyyəti vardır- bunu yalnız müdrük insanlar bacarır…

Ötkəmdir- deyilən kəlmə Haqqdan gəlirsə, hər bir səddi aşıb ünvanına yetişəcək…

İstənilən mövzuda söhbət etməyi bacarır- dərin düşüncəyə, geniş təfəkkürə malikdir...

Yeri gələndə polad kimi sərt, yeri də gələndə mum kimi yumşaq olur- imanının göstəricisidir…

Ucqar bir dağ kəndində, çoxuşaqlı bir ailədə doğulub. Sarsılmaz iradəsi, əzmkarlığı onu adi bir kənd uşağından elmlər doktoru səviyyəsinədək yüksəldə bilib. Müdrikliyi, uzaqgörənliyi ömür yoluna işıq saçıb, uğur uğur ardınca gəlib və yüksəldikcə yüksəlib. Ən əsası özüylə gətirdiyi dağ əzəmətini, çeşmə saflığını bu günədək qoruya, saxlaya bilib...

Professor Fəzail İbrahimli təkcə alim deyil, dövlətçiliyin təəssübünü çəkən, mənəvi dəyərlərimizə sahib çıxmağı bacaran aydınlarımızdandır. O, Milli Məclisdə xalqı düşündürən, xalqı narahat edən problemlər haqqında tez-tez danışır. Biz həmin çıxışların yalnız bir hissəsini "sehirli qutudan" yayımlanan fraqmenlərdə görürük…

İnsanlığın bir zirvəsi var, Fəzail müəllim ruhən, qəlbən, davranışı, əməlləri ilə həmin zirvəyə yüksələ bilib. Dünya yaranannan üzü bəri yaxşı insanlar çox gəlib-gedib və onların bir missiyası olub- yaxşı əməlləri nəsildən nəsilə ötürmək…

Bəli, o, ucqar bir dağ kəndində dünyaya gəlib. Sözü, əməlləri ilə bütöv bir ölkənin məhəbbətini qazanıb. İnsanların qəlbinə bir parllaq aydın kimi yol tapa bilib. Və ən başlıcası, Azərbaycan deyiləndə ayağa qalxmağı bacarır...

Aprelin 12-si Fəzail İbrahimlinin 70 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram.

70 yaşınız mübarək, Fəzail müəllim!

Elman Eldaroğlu