• 18 Aprel 2021
logo
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...

ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK... -VİDEO/FOTO

…Zəngilan bu dəfə mənim üçün həqiqətən doğulduğum kənd idi, şəhər idi, oba idi, 28 ildir ocağı söndürülmüş yurd yeri idi… Pafosdan, bədii təsvirdən çox uzaq, həm də mənim üçün getmək və görmək üçün yox, yaşamaq, başı uca gəzmək üçün arzuladığım Ağdam demək idi. Niyə? Çünki…
***
…Bu dəfəki səfərdə bəlkə də ilk dəfə idi özümü media nümayəndələri arasında «qərib» hiss edirdim. Çünki yeganə qəzet əməkdaşı-qəzet jurnalisti və qəzet baş redaktoru idim. Nə gizlədim, müharibə başlayandan iki gün sonra Ağdam cəbhəsində olmuşdum, dəyərli eloğlum, BDU-nun dosenti İmdad Bayramovla birgə. Amma 28 ildir viranlığını bildiyim, amma görmədyim, əlimin çatmadığı… Ağdamı indi görmək, 28 il əvvəlki Ağdamla müqayisə etmək istəyirdim… Məlum dəfə baş tutmadı. Sonradan bəlli oldu ki, həqiqətən burda bir pis məqsəd olmayıb, sırf texniki problemlər-anlaşılmazlıqlar olub… Və bilənlər bilir, bilməyənlərin də bilməsi çox vacibdir ki, Qarabağ hadisələri başlayan 1987-ci ildən (Fransada yaşayan erməni başbiləni Aqambekyanın(Ağambəyyanın) Fransada Qarabağ ermənilərinin azadlıq haqqı (?) barədə olan məşhur məqaləsindən sonra jurnalist olaraq evimdən-eşiyimdən… didərgin, qaçqın və köçkün düşmüşəm. Ailə üzvlərim də bu sırada…
***
Nə isə, keçək mətləbə. Söhbətimin mübtədası Zəngilandır! Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı (təbii ki, Prezident Administrasiyasının dəsti-xətti ilə) sayəsində Zəngilana səfər etməli olduq. Bu səfər təxminən 30 il sonra Qarabağın işğalda qalmış ərazilərinə ilk böyük və əhatəli səfər(im) idi... Çünki, gizli nə var, jurnalistlərin Ağdama son bəlli səfərini xatırlayıram, səfər təəssüratı necə idi? Nə yazıldı, gələcək nəslə erməni viranlığı barədə nə arxiv qoyuldu, hələki bu suala cavab vermə çətinliyi qarşısındayam.
***
…Biz Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini, tanınmış ekoloq Firdovsi Əliyevin, belə demək mümkünsə, rəhbərliyi və təşkilatçılığı ilə Zəngilana yola düşdük… Deyəcəyim sözü qəribliyə salmayın: Zəngilanda- 28 ildən sonra igid əsgərlərimizin şücaəti və qanı, sayəsində Azərbaycanın erməni viranəliyindən azad olunmuş bu yurdunda olanda doğulduğum Ağdamı, həsrəti sinəmi yara eləmiş Şuşanı, Laçını, Kəlbəcəri... və o vüqarlı dağları gördüm... Hər tərəf yamyaşıl örpəyə bürünüb… Özümü sakit, kimsənin görə bilməyəcəyi, gözündən iraq bir məkana-yerə verdim, dizimi yerə qoyub hamıdan xəlvət uzüqoyulu yerə uzanıb torpağı anam kimi qucaqladım (əslində, heç anamı da belə qucaqladığım yadıma gəlmir). Əyilib üzünü məndən yamyaşıl örpəyi ilə örtmüş-gizlətmiş torpağı o ki var öpdüm (Deyirlər, torpağın üzü soyuq olur. Yalandır. İstiliyi yanağımı yandırırdı). Torpaq elə bil 28 illik küskünlüyünü gizlətmək üçün üzünə yaşıl örpək tutmuşdu… Məndən gizlənirdi, üzümə baxmaq istəmirdi. Bədii təsvirdən kənar, çağırdım: «Eyy, qara torpaq! Eheyy, Qarabağ, Azərbaycan… Eşitmirsən???».
Nəsə səs gəlirdi, amma torpağın dilini başa düşə bilmirdim… Söürdümü, danlayırdımı, bilmirəm. Vallah bilmirəm… Amma mən sakitcə pıçıldadım, üzümü üzünə sürtüb könlünü aldım, üzr istədim, Bakıdakı həsrətlilərdən salam dedim, şəhidlərimizdən, bu yurdun böyük oğlu Məhəmməd Əsədovun narahat ruhundan halallıq istədim… Kim deyir ki, torpağın dili yoxdu, ağzı yoxdu, səsi yoxdu?! Barışdıq… Torağa ürəyimdən keçənləri dedim... Üzüqoyulu, mənim üçün 28 ilə bərabər zaman ölçüsü ilə bir neçə dəqiqəlik ana-bala torpaq həsrətinə sığacaq bir həsrəti üzünü üzümə söykəmiş çiçəklərin…öpüşü ilə halallaşdıq... Ürəyimi boşaltdım… Ağdam gedəndə, Şuşa gedəndə, hətta dədəm, anam bu həsrətin özündən üz döndərib o dünyaya köç edəndə yaşamadığım dəli kövrəkliyə sığınan uşaq inadkarlığı ilə Qarabağın bütün ağrılarını burda ağı deyb ağlamaq haqqımı tanıdım… (Məni bağışlayın!).
…Vacib olan bu idi. 28 il bizsiz qalmış, yiyəsiz olmuş, viran edilmiş… torpaq (Zəngilan Azərbaycan deməkdir, deməli, Ağdamdır, Şuşadır, Naxçıvandır, Şəkidir, Lənkərandır, Gəncədir, Bakıdır, Qubadır-külli Vətəndir!) artıq bizi qəbul edir, günahlarımızdan keçib! Eşidirsiz, çəkinməyin… Vallah, Seyyid Lazım Ağanın cəddi haqqı, gözümlə gördüm, qulağımla eşitdim, Vətən torpağı-Zəngilan… sizi torpaq uğrunda ölüb bu yurdları Vətən edən şəhidlərə bağışlayıb!

***
…Nə isə… Deyim ki, bu dəfə demək olar bütün səfər yolçuları reportyorlar idi-rəsmi və qeyri-rəsmsi TV əməkdaşları. Təkcə mən qəzet rəhbəri-jurnalist istisna olmaqla. Qısa deyim, biz bu səfərdə sözün yaxşı mənasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin «nəzarəti altında» yola çıxmışdıq. Amma sonradan gördük ki, Firdovsi Əliyev bu səfərdə hər kəs deməkdir, o cümlədən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova… Gerçək bu idi ki, şəxsən mən Firdovsi Əliyevi bu qədər səmimi, gülərüz, hər kəsə həmsöhbət və sirdaş olan bilmirdim... Və Zəngilan ziyarətimizdə də kəşf etdiyim bir dəyər həm də onun məmurluqdan əsər-əlamət olmayan sadə və səmimi olması idi.. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın peşəkar yanaşmaları isə ayrı mövzudur, 50-yə yaxın reportyorun işgüzarlığa cəlb olunmasına səbəb ola bilmişdi... Həqiqətən də şahid olanlar deyə bilər ki, hər TV-dən iki əməkdaş hesabı ilə (bir aparıcı, bir operator), bu qədər insanı, üzr istəyirəm, hər addıma maraq göstərib irəli cuman bu sayda jurnalisti minalanmış ərazilərdən ailəmizə-iş kollektivinə sağ və salamat çatdırmaq bir məsuliyyət, fədakarlıq idi…
***
…Məsələnin rəsmi tərəfinə keçməmiş, deyim ki, öz gözünüzlə görmədiklərinizə inanın, amma razılaşmayın. O mənada ki, ermənilər bu əraziləri özünün olmayacağı kimi qəbul etdiyindən hər yeri necə gəldi minalayıb. Hər səhv, yan addım mina partlayışına hamilədir, hər addım atacaq adama isə alın yazsıdır! Allaha, ANAMA əməkdaşlarına və bəxtimizə min şükür ki, hər şey düşmənin mənfir niyyətində arzuladığı kimi deyil, bizim istədiyimiz və istəyimiz kimi oldu… Bu mənada Zəngilan səfəri möhtəşəm ziyarət oldu...
Canlı şahidəm ki, burda təbiət dil açıb danışırdı, dağ- daş, çaylar, bulaqlar... öz dilində danışırdı... Böyk alim Xudu Məmmədov deyirdi ki, demə daşın, quşun, ağacın… dili yoxdur. De ki, daşın, quşun, ağacın… dilini bilmirəm! Burda 28 il düşmən əsarətində qalmış təbiət heç bilirsiz nə deyirdi? Kol-kos dibindən bizə salam deyən mərəçöyüz, utancaq lalələr, quzuqulağı, nərgizgülü, hətta Xarıbülbül… nə deyirdi?! Deyirdi ki… Tezliklə biləcəksiniz, az qalıb… Mən onların səsini eşidirdim, danlağını da duyurdum, Zəngilanı iki yerə bölən çayın dəlisov hay-harayını yaxşı başa düşürdüm… Amma deyə bilmirdim ki, vallah, billah…
***
Deyəsən, mətləbdən çox uzaqlaşdım. Qısa deyim ki, aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələri işğaldan qurtulmuş Zəngilana səfər etdik. Məqsədimiz Zəngilan rayonu ərazisində 28 illik işğal dövründə məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxmaq, hər şeyi öz gözlərimizlə görmək idi. Gördük də. Baxdıq və təəssüratlarımızı yetərincə paylaşdıq, yaydıq.
Bu səfər zamanı nazirliyin rəsmisi Raqub Mirzəyevin redaktəsi ilə hazırlanmış yaddaş kitabçası reportyorların çox karına gəldi. Kitabçada Zəngilan rayonu barədə kokret rəqəmli statistik bilgilər öz əksini tapmışdı…
***
Biz Zəngilan şəhərinin girişinə yaxın massivdə salınmış meşə sahəsinə baxış keçirdik. Minə yaxın ağac əkdik. Düşmən bilsin ki, biz əkməklə məşğuluq… Əkilmək isə erməninin xarakterinə xas həyat tərzidir!
Sonra «İDEA»çıların da qoşulduğu kampaniyada meşə ağaclarının əkini ilə məşğul olduq… Nazir müavini Firdovsi Əliyevlə mən çinar və tut toxumlarının çitilinin səpin mərasimini nümayiş etdirdik… Sonra günəşli havada əkin sahəsinə yaxın məsafədə borusundan çıxan tüstüsü ilə bizi salamlayan samovarların pürrəngi çayı ilə elə sahədəcə torpağımızın qüdrətinə rəğbətimizi ifadə etməli olduq.
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO

Biz bu tarixi əkin-biçinin ardınca Zəngilanın Vənədli kəndi ərazisində qiymətli Araz palıdı meşə sahəsində erməni siçovulların goreşənliyinə, Sarıqışlaq kəndində “Zəngilan əhəng xammalı yatağı”na və kvars yatağındakı istismar vəhşiliyinə/, Ördəkli kəndindəki Bəsitçay Dövlət Təbiət Qoruğundakı son tarimar vəziyyətə jurnalist şahidliyi etdik. Min təəssüflər! Ekologiya və təbii sərvətlər nazirinin müavini F.Əliyev erməni vandalizmindən şok keçirən jurnalistlərə izahladı ki, "İşğaldan azad olunan torpaqlarımızda ekologiya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür. Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqli üzvüdür və Beynəlxalq konvensiyasının mütəxəssisləri də monitorinqlərdə iştirak edəcək. Onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb". Düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıblar…».
***
Vacibdir deyim, Zəngilanda olanda erməni vandalizminin daha bir sahədə canlı şahidi olduq. Belə ki, nazirliyin idarə rəisi Mehman Nəbiyev izahladı ki, təkcə bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda kimyəvi maddələr olan nikkelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb ki, bunun da baiskarı ermənilərdir.
İdarə rəisinin sözündən bəlli oldu ki, Zəngəzur dağlarından qidalanan Oxçuçay (Zəngilan şəhərini ikiyə bölür) Araz çayına tökülür. Çayın axını üzərində olan Ermənistana məxsus Kaçaran mis-molibden filiz saflaşdırma kombinatının tullantıları da təmizlənməyib birbaşa bu Oxçuçaya ötürülür.
Bu dəlisov çay düşmənin gözünə ox olub, nə deyək!
***
Bu tarixi səfər jurnalistlərin nümunəsində və yazısında həm də Azərbaycana bir daha xatırlatmalı oldu ki, ermənilər təkcə insanlarımızı soyqırım etməyib. Həm də təbiətimiz-ekologiyamız terrora və soyqırıma məruz qalıb. Bunu düşmən tərəfindən qırılmış, məhv edilmiş meşə ərazilərimizin artıq izi itirilməkdə olan təbii coğrafiyası, yaşı 200 ildən 1000-1500 ilədək gedib çıxan çinar ağaclarının kökünün kəsilməsi üçün atılmış xain addım nümunələri də təsdiqləyirdi. Hətta biz Oxçuçay sahilində qədim çinar ağaclarının nəinki kəsilib məhv edilməsinin, hətta kötüyünün belə yandırılaraq bu təbii cinayət izinin itirilməsi üçün cəhdlərinin şahidi olduq.
***
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO

…Mənim üçün ən maraqlı məqamlardan biri isə Xudafərin vadisinə yaxın məsafədə-Oxçuçayın sahilində əkilmiş 10-dan çox çinar ağacları ilə canlı təmas idi. Dəmyə əkilmiş ağacların dibinin quruduğunu ani hiss etdim. Ətrafda olan su tutumlu qablarla onlara su verdim. Sonra bir neçə ay əvvəl əkilmiş ağacların dil və göz açan tumurcuqları ilə həmsöhbət oldum. Ekologiya nazirinin müavini Firdovsi Əliyev məlumat verəndən sonra bəlli oldu ki, bunlar cənab prezident İlham Əliyevin Zəngilana bəlli səfəri zamanı əkdiyi ağaclardır…
Artıq tumurcaqlayıb göyərməkdə-boy atmaqda olan Xan çinarların məğrur qaməti isə onu deyirdi ki, bu yurdun nəinki sakinləri, əsgər və ordusu qürurludur, həm də təbiəti-ağacları, dağları belə qürur mənbəyidir…
Siz inanmazsınız, çinar ağaclarına su verdiyimiz bir məqamda Zəngilan rayon Polis Şöbəsinin rəsmilərindən biri bizə dağın döşündə özünə yurd salmış Xarıbülbülü köklü olaraq çıxarıb gətirmişdi. Xəfif küləyin təsirdən xoşhallanan Xarıbülbül isə meyxoş olmuşdu, ərköyün nazı əlimizdə titrəyib əsirdi, az qala dil açıb «Ayağınıza qüvvət!» demək istəyirdi…
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO
ZƏNGİLANA DÖYÜŞƏ YOX, DÖYÜŞDƏN GETMİŞDİK...-VİDEO-FOTO

***
Sonda: Zəngilanda olanda ermənilərin 28 ildir işğal altında saxladığı Baharlı kəndi ilə də təmasda olduq… Baharlıya çathaçatda istiqamətimiz Zəngilanın mərkəzinə doğru idi. Təsəvvür edirsinizmi, kəndin adını-istiqamətini göstərən lövhəyə çatanda avtobusumuz bir dərin çalaya rast gəldi. Biz yerə düşdük, istiqaməti müvəqqəti olaraq dəyişməli olduq, xeyli piyada getdik. Bu kənd Azərbaycanın böyük şəxsiyyətlərindən biri, keçmiş daxili işlər naziri, 1991-ci ilin 20 noyabr erməni terrorunun-vertolyot faciəsinin qurbanı olmuş sabiq daxili işlər naziri Məhəmməd Əsədovun doğulduğu, ruhunun dolaşdığı yurd yeridir... Biz minalanmış ərazilərin təhlükəliliyini nəzərə alaraq uzaq gedə bilmədik, ANAMA rəsmilərinin məsləhətlərini nəzərə aldıq. Amma Məhəmməd Əsədovun ruhuna dualar etdik, narahat və nigaran ruhu ilə həmsöhbət olduq… Gün o gün olsun, bu əraziləri ziyarət etməkdən keçib, həm də qurub-yaratmaqla məşğul olaq…
***
…Nəhayət, aprelin 8-dir. Bakı vaxtı ilə səhər saat 05-dir. Amma hamımızın saatı hələ də Qarabağ vaxtı ilə hesablanmaqdadır!
***
Beləcə, Zəngilanın zəngin və kövrək təəssüratları ilə gecə saat 05 radələrində Bakıya çatırıq. Hamı yorğunluğunu çıxarmaq üçün evə tez çatıb yatmaq istəyindədir. Amma aydın hiss olunur ki, heç kim uzun bir yolun yorğunluğunu içinə çəkib yatmaq barədə deyil, Zəngilan təəssüratlarını daha tez Azərbaycana, həm də dünyaya çatdırmaq barədə düşünür…
Yeri gəlmişkən, elə Zəngilanda olanda Dünya Türk Jurnalistləri Birliyinin rəhbəri Salih Kurtun təşəbbüsü ilə 31 mart Azərbaycanlıların soyqırımını Trtajans xətti ilə Türkiyə mediasının canlı efiri ilə müzakirə etmək şansı əldə etmişdik. Həm mən, həm də ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu canlı bağlantıya məhz Zəngilandan qoşulduq. Bunun, zənnimcə, xüsusi mənası var idi. Mən ermənilərin Azərbaycanlılara qarşı ötən tarixdəki soyqırımlarından, F.Əliyev isə ermənilərin təbiətimizə-milli sərvətlərimizə etdiyi soyqırım vəhşiliyindən danışdıq.
***
…Lap sonda: biz bu dəfə Zəngilana döyüşə yox, döyüşdən, özü də 44 günlük Zəfər döyüşündən getmişdik. Ona görə də qürurlu və güclü idik! Axı ayağımızın altında 28 illik erməni işğalından azad edilmiş Vətən torpağı var idi…
Asif Mərzili
Bakı-Zəngilan-Bakı