İran İR-9 tipli sentrifuqanın mexaniki testinə başlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.
Onun sözlərinə görə, 9 apreldə İranın nüvə texnologiyasının inkişafı sahəsində 133 yeni məhsul açıqlanacaq ki, onlardan 40-ı uranın zənginləşdirilməsi sahəsindədir.
B. Kəmalvəndi qeyd edib ki, İR-9 sentrifuqası iranlı mütəxəssislər tərəfindən hazırlanıb və yeni standartlara tam uyğundur.
Qeyd edək ki, iranlı mühəndislərin hazırladığı IR-9 sentrifuqasının gücü IR-1 modelindən 50 dəfə çox – 50 ERR-dir. ERR nüvə materiallarının zənginləşdirilməsi prosesində sentrifuqanın effektivliyini müəyyən edən və izotopların parçalanma səviyyəsini göstərən ölçü vahididir. Zənginləşdirilmiş nüvə yanacağı, habelə atom bombasının istehsalı üçün 190 ERR güc əldə etmək kifayətdir.