AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində kameral tədqiqatlar davam etməkdədir.
Bu barədə APA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
2019-cu ildə “AzerGold” QSC ilə Azerbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında aşkar edilmiş qədim məzarlıqda tədqiqatlar aparılıb. Tədqiqatları aparmış “Daşkəsən” arxeoloji ekspedisiyasına İnstitutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilov rəhbərlik ediblər. Arxeoloji araşdırmalar zamanı Son Tunc - İlk Dəmir dövrünə (e.ə. II minillyini II yarısı - e.ə. I minilliyin əvvəli) aid olan nekropoldakı daş qutu və torpaq qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan çoxsaylı maddi mədəniyyət nümunləri (məişət, mərasim və bəzək əşyaları, silahlar o cümlədən, küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr və d.) aşkar edilib.
Kameral işlərə rəhbərlik edən Səfər Aşurov və Bəxtiyar Cəlilovun bildirdiyinə görə, hal-hazırda ekspedisiya üzvləri olmuş İnstitut əməkdaşları Lola Əkbərova, Nəhmətova İlahə və Əliyeva Fidan Çovdar nekropolunda aşkar edilmiş maddi mədəniyyət nümunələrinin, xüsusilə, keramika məmulatlarını bərpa etməkdədirlər. Həmçinin, İnstitutun Antropologiya Mərkəzinin əməkdaşları Həsənov Vüsal və Allahverdiyeva Ülkər nekropoldan aşkar edilmiş qədim insan qalıqlarını antropoloji tədqiqata cəlb ediblər.