Badamdar sürüşmə sahəsində birinci mərhələ üzrə işlər çərçivəsində keçən ilin oktyabr ayından başlayaraq eni 3.5 metr, dərinliyi 30.0 metr olan 3 ədəd quyunun qazıntısı tam başa çatdırılıb.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.
Onun sözlərinə görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib:
"Bütün quyuların aşağı hissəsində layihəyə görə 2 səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50 metr və diametri 40 mm olan üfüqi drenaj boru quraşdırılmalıdır.
Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan 1-ci quyunun dib səviyyəsindən sahədən öz axımı ilə kənarlaşdırılmalıdır. Hazırda 1-ci və 2-ci quyularda uzunluğu 50 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 mm olan 132 metr uzunluqda yeraltı boru inşa edilib".
O bildirib ki, ikinci mərhələ üzrə yamacın üst hissəsində birinci terras ankerlərlə birlikdə inşa edilib başa çatdırılıb:
"Növbəti terraslarda işlər drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra davam etdiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız 1-ci və 2-ci mərhələdəki işlər qurtardıqdan sonra başlanılması nəzərdə tutulub".