• 9 Dekabr 2024
logo
İsmayıllıda tanışını öldürən 19 yaşlı gəncin məhkəməsi başlayır

İsmayıllıda tanışını öldürən 19 yaşlı gəncin məhkəməsi başlayır

İsmayıllıda tanışını qətlə yetirməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Səxavət Məsimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 20-də saat 20 radələrində İsmayıllıda baş verib.

Rayon sakini, 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Fərid Musayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Səxavət Məsimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.