• 28 Mart 2024
logo
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Qazi

Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Qazi

Vətən Müharibəsində şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq. Döyüşlərin hər birində olmaq istərdim, amma qismət olmadı.

Bunu Trend-ə Qusar rayonun yuxarı Zeyxur kəndinin sakini, müharibə zamanı göstərdiyi igidliklərə görə 3 medalla təltif edilən qazi Zamir Qədimov deyib.

15 ilə yaxın hərbi xidmətdə çalışdığını deyən Z.Qədimov deyib ki, sentyabrın 27-də düşmən növbəti dəfə təxribat törədərkən onun qarşısını alaraq irəli hərəkət ediblər:

"Sentyabrın 27-də 3 yerdən mühəndis istehkamlarını yardıq, bölmələrlə birlikdə həm döyüşdük, həm minaları təmizlədik. Mühəndis istehkam maneələri hamısını aşdıq və quru, piyada və digər artileriya bölmələri üçün tam yol açdıq. Suqovuşan, Talışkənd, Murov istiqamətləri üzrə yolları tam açmışdıq. Düşmən minalarla özünün təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bizlər onları tapır və quru qoşunları, artileriya üçün yol açırdıq. Biz öndə gedənlərdən olmuşuq. Mühəndis istehkamları yarıldıqdan sonra digər kəşfiyyat və quru bölmələr, döyüş texnikaları bizdən sonra hərəkət edirdilər. Minaları təmizləməklə yanaşı, gecə düşmənə qarşı mina istehkamları qururdum. Bakıda müalicə olunanda iş yoldaşlarım Xəyyam Qəmbərli, Rəşad Sadıqov, bölük komandiri Niyaməddin Novruzov, Ruslan müəllim mənə zəng edib bildirdilər ki, qurduğum minalara düşmənin 10 nəfərdən çox şəxsi heyəti düşərək məhv olub. Bundan əlavə, bir döyüş texnikası tank əleyhinə qurduğum minaya düşüb".

Qazı deyib ki, oktyabrın 2-də Murov istiqamətində olan Gülüstan meşəsində bir əsgərlə birlikdə minaları təmizləyərkən mərminin düşməsi nəticəsində yaralanıb. Yanındakı əsgər dərhal şəhid olub:

"Onun yaxınlığında olduğumdan mina partlaşıyışın təzyiqi məni başqa minanın üstünə atdı, sağ ayağım topuq hissədən qoparaq düşdü. Naftalandakı "Çinar" sanotriyasının cərrahiyyə bölməsində ayağım amputasiya olundu, daha sonra Gəncəyə təxliyə olundum, sonra Bakıda özəl klinikaların birində tam müalicəmi alandan sonra evə buraxıldım".

Z.Qədimov bildirib ki, müharibə başlayandan əhali arasında olan yüksək əhval-ruhiyyəni hiss ediblər:

"Müharibə dövründə təminat yüksək səviyyədə idi. Komandirlərimiz bizə deməzdilər ki "irəli", deyərdilər, "ardımca". Hər kəs də böyük əhval-ruhuyyə ilə komandirlərinin arxasınca gedirdi".