• 17 Sentyabr 2021
logo
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor

İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor

Azərbaycanda iqlim dəyişikliyi bir çox ərazilərdə, xüsusilə arid (quraq) ərazilərdə su ehtiyatlarının azalması, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, səhralaşma prosesinin genişlənməsi kimi faktlarla özünü büruzə verib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, 1991-ci ildən indiyədək aparılan qiymətləndirmələrə görə, atmosferə atılan qazların miqdarının çox olması səbəbindən Yer səthinin istiləşməsi, Günəş şüalarının əks olunması kimi proseslərdə dəyişikliklər olub. Bunun nəticəsində son 30 ildə havanın temperaturu 1 dərəcə selsiyə yaxın artıb. Bu da dünyanın müxtəlif bölgələrində müxtəlif dəyişikliklərə səbəb olub.

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə bildirib ki, İqlim dəyişmələri üzrə aparılmış tədqiqatların nəticəsinə görə, Azərbaycanın bütün ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə yaxındır (1,0 °C). Bu artmalar (0,2-dən 1,5 °С-dək) ərazi boyunca bərabər paylanmayıb.

Bütün müşahidə dövründə temperatur artımı Kür-Araz düzənliyində (0,4-0,9 °С), Qazax-Gəncə zonasında (0,6-1,1 °С), Böyük Qafqazın Cənub yamacında (0,5-0,8 °С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °С) və şimal (0,4-0,6 °С) yamaclarında müşahidə olunub.