• 29 Mart 2024
logo
Ötən il cinayət işləri üzrə 171 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib

Ötən il cinayət işləri üzrə 171 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib

2020-ci ci il ərzində prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171 milyon 628 min 342 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 62 milyon 436 min manat məbləğində ziyanın ödənilməsi təmin edilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Kamran Əliyev qeyd edib ki, 2020-ci il ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.