• 29 Mart 2024
logo
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, İnsan hüquqları üzrə keçmiş müvəkkili (sabiq Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovaya  orden təqdim edildi

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, İnsan hüquqları üzrə keçmiş müvəkkili (sabiq Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovaya  orden təqdim edildi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 dekabr 2019-cu ildə respublikamızın ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiq olunması səbəbindən ordenin təqdimatı dünən həyata keçirilmişdir. Belə ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini Şuranın sədr müavini, İnsan hüquqları üzrə keçmiş müvəkkil (sabiq Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovaya təqdim etmişdir. Görkəmli ictimai xadimi, tanınmış alimi dövlətimizin yüksək mükafatına layiq görülməsi münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Elmira Süleymanovanın insan hüquqlarının qorunması sahəsində nümayiş etdirdiyi yüksək əzmkarlığı bir daha xatırlatmışdır. Qeyd etmişdir ki, böyük alim və nüfuzlu şəxsiyyət olaraq Elmira xanım elmi və ictimai fəaliyyəti ilə ölkəmizə və xalqımıza dəyərli xidmətlər göstərmişdir. Xüsusilə bir ombudsman kimi Azərbaycanda insan hüquqlarının, azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində qazandığı uğurlar Elmira Süleymanovanın cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.
Eldar Quliyev əmin olduğunu bildirmışdir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü və sədr müavini olaraq görkəmli bir ictimai xadim kimi Elmira xanım bundan sonra da respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edəcək, vətənpərvər, mübariz gənc nəslin yetişməsində əhəmiyyətli rol oynayacaq, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvəsini, bilik və bacarığınızı əsirgəməyəcəkdir.
Eldar müəllim, həmçinin, qeyd etdi ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bilavasitə rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etməklə torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin tarixi ərazi bütövlüyünü bərpa etdi. Artıq üçrəngli bayrağımız illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalanır. Azərbaycan Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə öz fəaliyyətini bərpa edəcəkdir.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov da Elmira xanımın insan hüquqlarının qorunması sahəsindəki dəyərli xidmətlərindən, həmçinin səmərəli elmi fəaliyyətindən minnətdarlıq hissi ilə bəhs edib. Əhliman müəllim bildirib ki, Elmira xanımın 17 illik uğurlu ombudsmanlıq fəaliyyəti olub və o, bu gün də görkəmli elm və ictimai xadim kimi fəaliyyətini yüksək əzmkarlıqla davam etdirir. Akademik 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğuna görə Elmira Süleymanovanı ürəkdən təbrik edib və ona daha böyük nailiyyətlər arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov öz çıxışında bildirdi ki, Elmira xanım Azərbaycanda ombudsman məktəbinin yaradıcısıdır. O həm ombudsman, həm də elm xadimi kimi nümunəvi fəaliyyətilə hər zaman xalqımıza, dövlətimizə xidmət etmişdir. Arzu edirik ki, bundan sonra da o, bizi öz fədakar, hərtərəfli fəaliyyəti və davamlı uğurları ilə sevindirsin.
Elmira Süleymanovanın ictimai və elmi fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, sabiq deputat Tahir Süleymanov onun ombudsman kimi fəaliyyət göstərdiyi 17 il ərzində böyük işlər gördüyünü, bir çox nailiyyətlərə imza atdığını vurğuladı. O bildirdi ki, Elmira xanım həbsxanalarda, xəstəxanalarda, xalqın arasında köməyə ehtiyacı olan hər bir şəxsə yalnız insan hüquqlarını qoruyan bir müvəkkil kimi, deyil doğma bir ana, şəfqətli bir bacı kimi yanaşıb, əlindən gələn köməkliyi göstərib. Bizim soyadlarımız da eynidir ki, bu da mənə xüsusi bir zövq verir. Tahir Süleymanov Elmira xanımı orden alması münasibətilə səmimi qəlbdən təbrik edərək, ona gələcəkdə daha böyük uğurlar, xoşbəxtlik və möhkəm cansağlığı arzulayıb.
Elmira Süleymanovanı gözəl xasiyyətli bir xanım, görkəmli ictimai xadim kimi dəyərləndirən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Vahid Novruzov onun elmi xidmətlərini xüsusi vurğuladı. O qeyd etdi ki, Elmira xanım 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir, 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. Ona bu məhsuldar ömür yolunda uğurlar arzulayır və ordenlə təltif olunması münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov öz çıxışında Elmira Süleymanovanın yüksək işgüzarlığından, insan hüquqları, o cümlədən elm sahəsində ölkəmizdə və xaricdə böyük nüfuz qazanmasından bəhs edib. O vurğulayıb ki, hər zaman bir təşkilat kimi Azərbaycan Ağsaqqallar Şurasını, onun üzvlərini diqqətdə saxlayan Elmira xanımın şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə də gənclərimiz üçün bir örnək, nümunə məktəbidir. Bayram Yusifov Elmira xanımı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıb.
Sonda Elmira Süleymanova yüksək dövlət mükafatı ilə təltif olunduğuna görə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, onun fəaliyyətinə həmişə böyük dəyər verən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirərək, Vətənimizin tərəqqisi naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.