• 19 Mart 2024
logo
Bərdədə qanunsuz fəaliyyət göstərən ət məhsullarının istehsalı sexi aşkarlanıb

Bərdədə qanunsuz fəaliyyət göstərən ət məhsullarının istehsalı sexi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Lək kəndində yerləşən, fiziki şəxs Qurbanov Mərhəmət Mütalif oğluna məxsus ət və ət məhsullarının istehsalı sexinə baxış keçirilib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə texnoloji ardıcılıq prinsipinə əməl olunmadığı, 1 və 3 kq-lıq polietilen paketlərdə qablaşdırılan sosiskaların üzərində istehlakçı üçün zəruri olan məlumatların öz əksini tapmadığı, istehsalda istifadə olunan suyun filtrdən keçirilmədiyi və laborator müayinələrinin aparılmadığı, məhsulların bişirilməsində istifadə olunan sobanın üzərində termometrin quraşdırılmadığı, ət və ət məhsullarının baytarlıq ekspertizasından keçirilmədən istehsal edildiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, anbarda saxlanılan xammalların üzərində markalanmanın aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayindən keçirilmədiyi məlum olub.

Müəssisədə istehsal olunan “Fərqli Dad” nişanlı bişmiş, hisə verilmiş kolbasadan və sosiskadan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.