• 27 Fevral 2021
logo
Vaksinasiya çıxış yolu demək deyil

Vaksinasiya çıxış yolu demək deyil

Yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Azərbaycan dövləti koronavirusla səmərəli mübarizə sahəsində üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Onu da qeyd edək ki, Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biridir. Məlumat üçün bildirək ki, dünyada koronavirusa qarşı 42,2 milyon peyvənd vurulub. “Blumberq” agentliyinin yaydığı məlumata görə, peyvəndləmə 51 ölkədə aparılıb. Agentlik dünyada gündəlik 2,43 milyon peyvəndin vurulduğunu bildirib. Ən çox peyvəndin ABŞ-da vurulduğu açıqlanıb. Artıq Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev də peyvənd olunublar. Həkim-kardioloq Qalib Şəfahət bildirib ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir. Bu prosesdə birinci mərhələ fevralın 1-də başa çatmalıdır. Həkimin sözlərinə görə, peyvənd- insan bədəninin xəstəliklərə qarşı müqavimətini qüvvətləndirən bioloji maddədir: "Vaksin vurduran insan heç də arxayınlaşmamalıdır. Bu heç də virusa yoluxmanın qarşısının alınması demək deyil. Virusdan qorunmaq üçün ənənəvi və müəyyən olunan qaydalara riayət etməliyik. Maksimum dərəcədə özümüzü qorumalıyıq, tibbi maskalardan istifadə etmək, sosial məsafəni saxlamaq, gigiyenik qaydalara əməl etmək və s." Q.Şəfahət onu da bildirib ki, vaksin onsuz da zəifləmiş virusların elementlərindən ibarətdir. Koronavirusun dərmanı tapılmalıdır, vaksin sadəcə önləyici tədbirlərdən biridir: "Fikir verirsiz, son günlərdə virusa yoluxma və ölüm halları azalıb. Bu o deməkdir ki, hökumətin həyata keçirdiyi tədbirlər və bu tədbirlərə riayətin edilməsi müsbət nəticələr verir. Vaksinin vurulması könüllü xarakter daşıya bilər, amma bu qaydalara riayət etmək məcburidir". Onu da qeyd edək ki, Azərbaycan əvvəlcə "Sinovac" şirkətindən (Çin) 2 milyon doza "CoronaVac" vaksini alacaq. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Ümumilikdə əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.

Cavid