• 19 Mart 2024
logo
Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.

Trend-in məlumatına görə, onlayn iclası açan komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. Komitə sədri bildirib ki, ötən – 2020-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuz torpaqlarımızın ermənilər tərəfindən içğalına son qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bəxtiyar Əliyev igid Azərbaycan övladlarının şücaəti ilə bağlı məqamların dərsliklərə salınacağını dilə gətirib. Şəhidlərə Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa arzulayıb.

Sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində görülən işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə edilib. Bildirilib ki, “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və digər vacib sənədlərdə edilən mühüm dəyişikliklər qanunvericiliyin möhkəmləndirilməsində, sözügedən sahələrdə mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynayıb.

Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu bildirib. Vətəndaşların qeyd etdiyi problemlərlə bağlı müraciətlər komitə sədri tərəfindən aidiyyəti qurumlara ünvanlanıb.

Sonra payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətindən, beynəlxalq tədbirlərdə videokonfrans formatında iştiraklarından söz açan komitə sədri, ümumilikdə Milli Məclisin ötən dövr ərzində qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini vurğulayıb.

Bəxtiyar Əliyev ötən ilin avqustunda təhsil naziri Emin Əmrullayevin iştirakı ilə komitə üzvlərinin videoformatda görüşünün keçirildiyini, COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərs ilinə hazırlıqla bağlı məsələlərin geniş müzakirə edildiyini vurğulayıb.

Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planı müzakirə edilib. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva və Şahin Seyidzadə iştirak ediblər.