• 16 Avqust 2022
logo
Kəlbəcər, Cəbrayıl, Şuşa, Xankəndidə müasir seysmoloji stansiyalar yaradılacaq

Kəlbəcər, Cəbrayıl, Şuşa, Xankəndidə müasir seysmoloji stansiyalar yaradılacaq

Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvi Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, işğal dövründə Respublika Seysmoloji Xidmət Mərkəzinin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilmişdir. Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəymiş, ərazidə seysmik müşahidələr aparıla bilməmişdir:

"Qarabağ ərazisi seysmik aktivliyi ilə seçilən, seysmoloji baxımdan öyrənilməsi vacib olan zonalardandır. Biz bu illər ərzində öz tədqiqatlarımızı bölgəyə yaxın ərazilərdə olan seysmoloji məntəqələrdən əldə olunan məlumatlardan istifadə edərək davam etdirirdik. Artıq işğala son qoyuldu və Respublika Seysmoloji Xidmət Mərkəzində bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Qeyd etməliyəm ki, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları fəaliyyət göstərir. Qeyd etməliyəm ki, artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınmışdır".