• 11 Avqust 2022
logo
Vətən Müharibəsi qazilərinin reabilitasiya prosesi - REPORTAJ

Vətən Müharibəsi qazilərinin reabilitasiya prosesi - REPORTAJ - VİDEO

Niyaməddin Əzizov 2017-ci ildə hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb. Lakin hərbiyə olan marağı onun yenidən bu şərəfli peşəyə qayıtmasına səbəb olub. Müddətdən artıq hərbi qulluqçu kimi həmişəlik hərbçi olmağa qərar verib. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyat taboruna yazılıb.

APA TV-nin xəbərinə görə, Niyaməddin Vətən Müharibəsinin başladığı ilk gündən kəşfiyyatçı kimi ön sıralarda olub.

Növbəti hərbi əməliyyat zamanı düşmən üzərində üstünlük qazanan dəstə onu geri çəkilməyə məcbur edib. Niyaməddin isə artilleriya hücumu zamanı yaralanıb: “Biz 200 nəfərlik erməni postuna hücum edirdik. Strateji əhəmiyyətli yer idi. Oranı götürməli idik. Sızma əməliyyatını yerinə yetirən zaman aşkar olunduq və pusquya düşdük. 2 kiçik qrupda biz idik, 200 nəfər onlar”.

Niyaməddin Əzizov 7 güllə yarası almasına baxmayaraq, sona qədər döyüşüb və düşmən postun ələ keçirib. O, həyatını xilas edən döyüş yoldaşını da yaddan çıxarmayıb: “Bir nəfər gəldi köməyə. O da hal-hazırda bir ayağını itirib, yoldaşlarına dostlarına görə. Şəkidəndir, adı da Rəsulov Elnur. İstəyərəm hər kəs onu tanısın”.

Qazi Xəzər Şahhüseynov isə döyüşlərə qardaşı ilə birlikdə qatılıb. Atası da Birinci Qarabağ müharibəsi qazisi olan döyüşçü Xocavənd rayonu uğrunda gedən hərbi əməliyyatlar zamanı yaralanıb: “Qardaşım Qubadlıda, Hadrutda döyüşüb, özüm isə Xocavənddə döyüşmüşəm. Düşmən üzərinə hücuma keçərkən yaralandım. Çoxsaylı qəlpə yaraları almışam. Ayağımdan, qolumdan yaralanmışam”.

Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində yerləşən elmi tədqiqat laboratoriyasında müalicə alan Elnur Əkbərov elə bu akademiyanın 5-ci kurs tələbəsidir. Fizuli istiqamətində gedən döyüşlərdə bir qolunu itirib. Deyir, ağlıma da gəlməzdi ki, tələbəsi olduğum akademiyaya bir gün Vətən Müharibəsi qazisi olaraq müalicə almaq üçün gələrəm: “2016-cı ildə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam. Hazırda buranın 5-ci kurs tələbəsiyəm. Döyüşlər başlanan ilk günlərdən çağırıldıq. Təlimlərdə olduq, döyüşlər başlayarkən isə ən ön cəbhədə döyüşlərdə iştirak etdim. Düşmən tərəfdən atılan mərmi nəticəsində mən yaralandım, döyüş yoldaşlarım şəhid oldu. Hospitaldan çıxdığım ilk gündən bura ilə sıx əlaqədə olmuşam. Hazırda tələbəsi olduğum akademiyanın elmi təhqiqat laboratoriyasında reabilitasiya dövrü keçirəm”.

Akademiyanın elmi təhqiqat laboratoriyasında reabilitasiya dövrü keçən qazilərimiz onlar üçün yaradılan şəraitdən ürək dolusu danışırlar: “Əvvəl gələndə əlim tam açılmırdı. İndi Allaha şükür, tam açılır əlim”.

Niyaməddin Əzizov da ilk günlər ümidsiz olub: “Deyirdim, ayağım heç vaxt işləməyəcək. Lakin sonra bura gəldim və şükür Allaha, hər şey yaxşı oldu. İlk gündən bizə yüksək qayğı göstərdilər. Artıq sərbəst gəzirəm və çəlik deyilən bir şeydən qurtulmuşam. Ən böyük fərq budur”.

Akademiyanın tədris işləri üzrə prorektoru Təhminə Tağızadənin sözlərinə görə, elmi tədqiqat laboratoriyasının yaradılması dünya təhsil sisteminə inteqrasiyanın nəticəsidir: “4 il bundan öncə İngiltərənin ən görkəmli universitetləri ilə birlikdə həkimlər üçün idman tibbi və reabilitasiya proqramı açmışdıq. Magistratura proqramı. Bu gün bu proqramın məzunları bizim yaralı əsgər və zabitlərimizlə reabilitasiya prosesi aparırlar. Müharibə bitmədən biz erkən reabilitasiyanı başladıq ki, bizim də əsgərlərə bir köməyimiz dəysin. Hazırda cədvəl üzrə 30-a yaxın qazi reabilitasiyadan keçir. Biz çox qürur hissi duyuruq ki, belə gənclər bizim yanımıza gəlir, müalicə üçün. Biz hər birimiz onlara borcluyuq”.

Qeyd edək ki, yaralanan hərbi qulluqçular burada müalicə, bədən tərbiyəsi, masaj və digər xidmətlərdən yararlana bilirlər. Qazilərin mərkəzdə müalicəsi isə müvafiq qrafik əsasında aparılır.