• 14 Avqust 2022
logo
Dövlət hər zaman şəhid ailələrinin dayağı olub – Deputat

Dövlət hər zaman şəhid ailələrinin dayağı olub – Deputat

Şəhidlər bizim üçün müqəddəsdir. Qazilər, əsgərlər baş tacımızdır. Onların qəhrəmanlığı hesabına Qarabağ və Qələbə sevincini yaşadıq.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, şəhidlər əzəli torpaqlarımızın azadlığı, gələcək nəslin rahat yaşaması, ölkənin ərazi bütövlüyünün təminatı üçün canlarından keçdilər, tarix yazdılar:

“Adları, xatirələri qəlbimizdədir. Tanrı onlara qəni-qəni rəhmət eləsin. Qazilərimiz isə tez sağalsın, normal həyata qayıtsın. Əsgərlərimiz var olsun.

Dövlət hər zaman qəhrəmanların və onların ailələrinin dayağı olub. Daim də belə olacaq. Şəhid ailələri hər zaman diqqət mərkəzindədir. Bu gün dövlət siyasətinin əsas prioriteti də məhz budur ki, həmin ailələr özlərini tək hiss etməsinlər, qayğı ilə əhatə olunsunlar. Şəhid ailələri müqəddəs qəhrəmanların əmanətidir. Onları qorumaq, onların qeydinə qalmaq hər birimizin borcudur”.

E.Musayev vurğulayıb ki, Prezident, Ali Baş Komandan dekabrın 8-də “YAŞAT” Fondunun yaradılması ilə bağlı fərman imzaladı:

“Olduqca təqdirəlayiq haldır və artıq ölkə vətənaşlarının böyük bir qismi bu təşəbbüsə qoşulub, bütün xalq bu ideyanı dəstəkləyib. Dünən Milli Məclisin plenar iclasında da deputatların ümumi rəyi və fikri bu oldu ki, “YAŞAT” Fondunun yaradılması ideyası son dərəcə mükəmməl ideyadır. Buna görə də cənab Prezidentə xüsusi təşəkkür edirik ki, qəhrəman insanların ailələrinin qorunması, həmin ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində belə bir addım atdı, belə bir fərman imzaladı. Həmin ideyanı hamımız böyük sevinc və həvəslə dəstəkləyirik”.