• 9 Avqust 2022
logo
“Canavar” ləqəbli qəhrəman

“Canavar” ləqəbli qəhrəman

Azərbaycan xalqı özünün tarixi, maddi-mənəvi abidələri, zəngin ədəbiyyatı, incəsənət və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, tarixi yaradan şəxsiyyətləri, vətənin azadlığı naminə canını fəda edən oğul və qızları ilə də haqlı olaraq öyünür. Xalqımız vətəni yadelli düşmənlərdən qoruyan ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Şah İsmayıl Xətai, doğma Vətən uğrunda canından keçən ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğluyla, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi yolunda canınını qurban verən igid qəhrəmanları ilə həmişə fəxr edib, onları əbədi qəlbində yaşadıb.
Qəhrəmanlar heç vaxt unudulmur. Qarabağ savaşı göstərdi ki, Azərbaycan düzgün yol göstərən böyük sərkərdəsi, ali baş komandanı ilə doğrudan da qəhrəmanlar diyarı igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğulları Vətəni darda qoymayıb, doğma ocağı, torpağı uğrunda canlarından keçiblər- ŞƏHİD olublar. Vətən müharibəsində torpaqlarımızın azad olmasında bunun tam şahidi olduq. Bu şərəfli tarixdə Yardımlı oğulları da öz qəhrəmanlıq şücaətlərini göstərə bildi.
Söhbət açdığım şəhid- Dəlləkli kənd sakini Zairli Zahid Azad oğlu 10 may 2000-ci ildə anadan olub. Atası Kərbalayi Azad kişi həyatı boyu dürüstlük nümunəsi olaraq, övladlarını da bu yöndə tərbiyə edib. Dilinə haram dəyməyən, ruzisini halallığla qazanan şəxsiyyətdir. Zahid ailənin sonbeşiyi və çox sevimlisi olub. Hələ məktəbdə oxuyarkən müəllimi Qarabağ haqqında danışanda- Niyə gedib torpağımızı almırsız? Mən böyüyəndə şəhidlərimizin qanını alacam, deyirmiş...
Bəli, Zahid söz verdiyi kimi böyüdü. Həm də çox gözəl bir ürəyin sahibi olaraq. 2015-ci ildə AZMİ kollecinə qəbul olub, 2019-cu ildə həmin kolleci bitirdi. Tələbəlik illərində çox xeyirxah işlərə imza atdı. “Ümid” fonduna dəstək olan tələbələr arasında, kimsəsiz uşaqlara yardım edirdi. Yumor hissi güclü olduğundan yeni il və başqa tədbirlərdə müxtəlif obrazları canlandıraraq kimsəsiz, sevgiyə möhtac olan uşaqları sevindirirdi. Hətta bəzi tələbə yoldaşları ilə birlikdə yaralı və qayğıya ehtiyacı olan heyvanları mühafizə edən qurumlara təhvil verirdilər. Və bütün bu işləri edərkən o, hələ 18 yaşını tamamlamamışdı...
2017-ci ildə o, Bakı İslam oyunlarının açılış mərasimində iştirak etmişdi. Kolleci bitirdikdən sonra 02.07.2019-cu il tarixində hərbi xidmətə çağrıldı. 23.07.2019-cu ildə isə “N” saylı hərbi hissəyə yollandı. Andiçmə mərasimindən sonra əsgərlər arasında keçirilən seçim müsabiqələrini müvəffəqiyyətlə tamamlayıb, XTD-yə seçilən 25 əsgərdən biri oldu. Və nəhayət arzusuna çatdı. Artıq ürəyindən keçdiyi, arzuladığı seçim- Snayper kimi təlimlərə qatıldı.
O, hərbi hissənin əsgərləri, komandirlərinin də yanında hörmət qazanmışdı. Tez bir zamanda öz çevikliyi, cəsurluğu, mərdliyi, qoçaqlığı ilə qabaqcıl əsgərlər sırasına keçmiş və baş snayper olmuşdu. Hərbi xidməti bitirməyə az qalmış, günlərini sayıb, evə qayıdarkən ürəyindəki, həyata keçirəcəyi arzularını düşündüyü bir vaxtda- Azərbaycanın Ali Baş komandanın göstərişi ilə başlanan Vətən müharibəsinə, torpaqların düşməndən azad olunmasına cəlb olundu. Səriştəli snayper kimi döyüşlərə dərhal atıldı. Əldə etdiyi biliyini praktikada həyata keçirməyə başladı. Döyüşlərdə fəal iştirak etdiyinə görə “Canavar” ləqəbi ilə tanındı. Öncə Kəlbəcərə yola düşən Xüsusi Təyinatlıların tərkibində dörd gün ərzində Murov yüksəkliyini fəth etdilər. Sonra Suqovuşan, Ağoğlan qəsəbələrinin azad olunmasında və Füzuli, Cəbrayıl rayonlarının azad olmasında xüsusi qəhrəmanlıq göstərdi. Vətən müharibəsinin ilk 11 günündə iştirak edən Zahid qəhrəmancasına vuruşmaqla yanaşı, yaralıları və şəhid olmuş döyüş yoldaşlarını da ordan çıxarılmasına kömək göstərib. Zahid öz snayperi ilə düşmənin qorxulu kabusuna çevrilərək xeyli erməni əsgərini məhv edib. 07 oktyabrda Cəbrayıl rayonu uğrunda gedən qızğın döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq qəhrəmancasına şəhid olub. Biz Zahidin qəhrəmanlığını heç zaman unutmayacağıq.
Bəli, şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı, gəncləri üçün örnək olub və olacaqdır. Onlar bir xalq qəhrəmanı kimi zəncirləri qıraraq, zülmətləri yararaq xalqı işıqlı sabaha apardılar. Ölümləri ilə ölməzlik qazanaraq əbədiyyata qovuşdular.
Şəhidin atası Kərbalayi Azad qardaşım, başını dik tut! Oğlun təkcə sənin yox, bütün Azərbaycanın qəhrəman, igid oğludur. Zahid öz qanıyla adını tarixə yazdı. Şəxsi arzuları ürəyində qaldısa, ən böyük Vətən arzusu gerçək oldu- Azərbaycan bütövləşdi. Vətən sağ olsun!
Ruhun şad olsun Şəhidim!

Əsədulla Sadıqov