• 20 Aprel 2024
logo
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev

Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev

"Nicat Tarverdiyev evin tək övladı idi. Noyabrın 17-də-doğulduğu gün torpağa tapşırılıb. O, öz ad gününə şəhidliyini hədiyyə etdi. Vətən sağ olsun!"

Trend-in məlumatına görə, bunu II Qarabağ müharibəsində şəhid olan 22 yaşlı Nicat Tarverdiyevin atası Şöhrət Tarverdiyev bildirib.

N.Tarverdiyevin anası Şükran Faruq qızı bildirib ki, oğlu 44 günlük müharibənin bitməsinə sayılı saatlar qalmış şəhid olub:
"Nicat onsuz da mənim qəhrəmanım idi. Müharibədə olduğunu bizdən gizlədirdi. Hər zəng edəndə mənə "yaxşı olacaq, darıxma" deyərdi. Noyabrın 8-də Şuşa alınanda zəng etmişdi, biz danışdıq. Noyabrın 9-dan 10-a keçən gecə Prezidentimiz bizim tam qələbə qazandığımızı elan etdi. Mən çox sevindim, qurban demişdim, getdim qurbanları kəsməyə. Noyabrın 10-da saat 1-də qurbanı kəsdiyim vaxt mənə Hərbi Prokurorluqdan zəng gəldi. Ordan deyilən bir kəlmə söz indiyədək qulağımdadır. Deyildi ki, sizin oğlunuz qəhrəmandır. II Fəxri Xiyabanda general Polad Həşimovun yanında dəfn olunub. Nicat qəhrəmanların yanına getdi".

N.Tarverdiyevin xalası Aytəkin Məmmədova bildirib ki, Nicat tarix dərsində Qarabağdan söhbət düşəndə müəlliminə "Qarabağı biz alacağıq" deyib: "Nicatın müəllimləri bizə gəlmişdilər, bunu onlar bizə danışırdılar".