• 6 Mart 2021
logo
Vyetnamdan iki Azərbaycan vətəndaşı təxliyə edilib

Vyetnamdan iki Azərbaycan vətəndaşı təxliyə edilib

COVID-19 pandemiyası səbəbindən çətin duruma düşmüş 2 nəfər azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vyetnam Sosialist Respublikasının Phu Quoç adasından Azərbaycana təxliyə olunub.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Azərbaycan Respublikasının vətəndaşları Nurəddin Cavadov və Hüseyn Mehtizadənin Dövlət Komitəsinə ünvanladıqları müraciətdə bildirilib ki, restoran sahəsində çalışmaq üçün 2020-ci ilin fevralından Vyetnamın Phu Quoç adasında məskunlaşsalar da, COVID-19 pandemiyası səbəbindən bütün planları pozulub və maddi baxımdan çətin duruma düşüblər.

“Məsələyə çevik reaksiya verən Dövlət Komitəsi soydaşlarımızla və Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi ilə əlaqə saxlayaraq vətəndaşlarımızın ölkəmizə təxliyəsi üçün mümkün aspektləri müzakirə edib.

Pandemiya səbəbindən yaranmış çətinlikləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza maddi yardımın göstərilməsi üçün müvafiq vəsaiti Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin hesabına köçürüb və təxliyə prosesi həyata keçirilib.

Artıq, hər iki vətəndaşımız – Nurəddin Cavadov və Hüseyn Mehtizadə Azərbaycana qayıdaraq ailələrinə qovuşublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın hər bir müraciətinə həssas və diqqətlə yanaşır, mümkün dəstəyi göstərir”, - deyə bildirilib.