• 27 Noyabr 2020
logo
Koronavirus cəbhəyə ötürülərsə, Ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq

Koronavirus cəbhəyə ötürülərsə, Ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq

Düşmənlə ön cəbhədə necə mübarizə aparıb vuruşuruqsa, arxa cəbhədə də koronavirus infeksiyası ilə o cür mübarizə aparıb vuruşmaq lazımdır.

Bunu Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin sədri, həkim Fikrət Xəlilov deyib.

Onun sözlərinə görə, hələ bu ilin yayında, yəni koronavirusa yoluxmaların sayının kəskin azaldığı vaxtlarda sentyabrın ortalarından etibarən yoluxmaların sayında artımın gözləniləcəyi barədə proqnoz verilmişdi.

Mütəxəssis əlavə edib ki, tənəffüs yollarının kəskin yoluxucu xəstəlikləri (qrip, angina) hər il bu vaxtdan etibarən kəskin surətdə artmağa başlayır:

Birlik sədri bildirib ki, tənəffüs yollarının kəskin yoluxucu xəstəliklərinin, eləcə də koronavirusa yoluxma hallarının artmasının bir neçə səbəbi var:

"Əsas səbəblərdən biri də havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı yerdə olması ilə əlaqədardır. Koronavirusa yoluxmanın artmasının əsas səbəblərindən biri də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə lazımınca əməl olunmamasıdır. Bir səbəb də müharibənin başlaması ilə əlaqədardır. Sanki koronavirus pandemiyasının törətdiyi fəsadlar insanların yadından çıxıb və bu problem arxa plana keçib. Lakin bu, hələ də təhlükəli olmaqda qalan virusa qarşı düzgün yanaşma deyil. Yaddan çıxarmamalıyıq ki, düşmənlə ön cəbhədə necə mübarizə aparıb, vuruşuruqsa, arxa cəbhədə də koronavirus infeksiyası ilə o cür mübarizə apmaq lazımdır. Axı, bu infeksiya da erməni qəsbkarları kimi bizim qəsdimizə durub. Arxa cəbhədə yoluxmaların sayının artması ön cəbhəyə də sirayət edə bilər. Onda bizim müzəffər ordumuz ön cəbhədə bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Bu halda işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılması işində əngəl yarana bilər və biz hamımız bunun istər-istəməz təqsirkarına çevrilə bilərik".

F.Xəlilov əlavə edib ki, koronavirusa yoluxmanın qarşısının alınması üçün daha bir tutarlı üsul var. Belə ki, vətəndaşlarımız bacardıqları qədər öz immun sistemlərini möhkəmləndirməlidirlər. Bunun üçün C vitamini ilə zəngin məhsullardan istifadə etmək lazımdır: "Bunu təbliğ etmək məqsədilə dietoloqların KİV-lərdə tez-tez çıxış etməsi vacibdir. Hamı bilməlidir ki, immun sistem nə qədər möhkəm olsa, yoluxma riski bir o qədər az olar".