• 19 Aprel 2021
logo
Orduya gedənlərin əməkhaqlarında heç bir problem yaranmayacaq - birlik çağırışı

Orduya gedənlərin əməkhaqlarında heç bir problem yaranmayacaq - birlik çağırışı

Emin Həsənli: “Bütün xalq bu savaşa səfərbər olub”

Sentyabrın 27-də düşmənin Qarabağ cəbhəsində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başlatdığı vətən müharibəsindən 6 gün ötür. Keçən müddət ərzində işğal altındakı ərazilərimizi azad etmək üçün könüllü surətdə orduya yazılanların sayı durmadan artır. Sentyabrın 28-dən etibarən ölkəmizdə qismən hərbi səfərbərlik elan olunub. Bu qərar əsasında orduya çağırılanların sayı kifayət qədər çoxdur.

Vətən uğrunda döyüşlərə gedənlər sırasında dövlət və özəl yerlərdə çalışanlar var ki, onların əməkhaqqı məsələsinin necə olacağı son günlər ən çox müzakirə edilən mövzular sırasındadır. Artıq bu məsələ ətrafında yaranan müəmma çözülməkdədir.

Məsələ ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Musavat.com-a açıqlama verib:

“Hazırda vətən müharibəsi aparırıq. Bütün xalq bu savaşa səfərbər olub. Bu, xalqımızın 30 ildir gözlədiyi bir məsələ idi. Bunu toy-bayramla qarşılayırıq. Ordumuz böyük qəhrəmanlıqla, şücaətlə döyüşür. Bilirsiniz ki, qismən hərbi səfərbərlik elan olundu. Səfərbərliyə gedənlərin çoxu işləyirdi. Onların iş yeri saxlanır. Məndə məlumat var ki, bir çox müəssisələrdə ikiqat əməkhaqqı verirlər. Mükafat olaraq onlara əməkhaqqı da yazıblar. Bu, çox gözəl bir məsələdir. Ənənəni genişləndirmək lazımdır. Bir neçə şirkət, müəssisə rəhbərləri, nazirliklər var ki, onlar döyüşlərə gedən əməkdaşlarının evlərinə gedir, ailələrinə baş çəkirlər, yaşlı ata-anaları, körpə uşaqları ilə maraqlanırlar. Ən azından onlara mənəvi dəstək olurlar. Bu çox gözəl ənənədir”.

Ekspert insanları birliyə çağırıb:

“Bizim insanlar düşünürük ki, orduya Müdafiə Nazirliyi dəstək olmalıdır. Amma orduya dəstək olmağın ən müxtəlif yolları var. Ordumuzun heç bir təminata ehtiyacı yoxdur. Təminat yüksək səviyyədədir. Dövlətimizin çox böyük ehtiyatı var. Azərbaycan dövləti hər bir şeyi təmin edir. Artıq elə bir ailə yoxdur ki, üzvlərindən cəbhədə insan olmasın. Onların ailələrinin mənəvi qayğıya böyük ehtiyacları var. Xalqımız, müəssisə və təşkilatlar bu qayğını göstərir. Amma bu məsələni sistemə salmalıyıq. Hazırda şəhid ailələrinə icra strukturları, bələdiyyələr, vətəndaşlar tərəfindən diqqət və qayğı çox yüksək səviyyədədir. Bunu biz daha da sistemləşdirməliyik. Digər tərəfdən insanlar, sahibkarlar var ki, nə cür dəstək olmaları barədə aidiyyatı yerlərə, o cümlədən bizim təşkilata müraciətlər edirlər. Biz onlara yol göstəririk. Mətbuat vasitəsilə bir daha deyirəm ki, hər kəsin döyüş bölgəsində olan tanıdığı insanlar var. Vətən müharibəsinin döyüş hissəsini onlar aparırlar. Onların ailələrinə, yaxınlarına diqqət və qayğı göstərilsin.

Məlumatım var ki, dövlətimizin bununla bağlı xüsusi proqramları, planları var. Onlar qısa zamanda icra ediləcək. Mədəniyyət xadimləri, tanınmış idmançılar o ailələri pandemiya qaydalarını qorumaq şərtilə ziyarət etməlidirlər və ziyarət edirlər. Bu məsələlərdə birliyə böyük ehtiyac var. Qələbə də bu birlikdən keçir. Qələbəmiz çox yaxındadır. Heç birimiz provakasiyalara uymamalı, hərbi və dövlət sirlərini qorumalıyıq. Düşmən çox hiyləgərdir. Bu məsələlərdə hər kəs özünü əsgər bilməlidir. Əsgərlərimizin bir hissəsi öndədir. Arxadakı bütün vətəndaşlar, dünya azərbaycanlılarının hər biri əsgərdir. Qələbə bizimdir. Qarabağ Azərbaycandadır”.

Cavanşir ABBASLI,
Musavat.com