• 30 Oktyabr 2020
logo
Bakıdakı qurumuş ağaclar götürülməsə, digər ağaclara da xəstəlik keçəcək - XƏBƏRDARLIQ

Bakıdakı qurumuş ağaclar götürülməsə, digər ağaclara da xəstəlik keçəcək - XƏBƏRDARLIQ

Biz təklif edirik ki, Bakı şəhərində qurumuş ağaclar yeniləri ilə əvəzlənməsi şərtilə kəsilsin, çünki bu ağaclar xəstəlik mənbəyidir. Əgər onlar kəsilməsə, xəstəliyi digər ağaclara da keçirəcəklər.

Bunu AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev deyib.

Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr zamanı bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağacların qurumasının müşahidə edildiyini xatırladan V.Fərzəliyev qeyd edib ki, quraqlığa davamlı olduğu üçün 1950-ci illərdə Bakının bir çox ərazilərində yaşıllaşdırma məqsədilə Eldar şamı ağacları əkilib:

“Amma məsələ ondadır ki, şam ağacı quraqlığa nə qədər davamlı olsa da, antropogen təsirlərə, ətraf mühitin çirklənməsinə qarşı da bir o qədər həssasdır. Son dövrlərdə iqlim dəyişikliyi səbəbindən ölkədə quraq günlərin sayı çoxalıb. Bu isə bitkilərdəki müəyyən göbələk xəstəliklərinin aktivləşməsinə, müəyyən həşərat və zərərvericilərin, xüsusilə qabıq böcəklərinin daha çox müşahidə olunmasına səbəb olub. Bu göbələklər ağacları getdikcə zəiflədərək qurudur. Son dövrlərdə quruma hallarının artmasını gördüyümüz üçün həyəcan təbili çalırıq”.

V.Fərzəliyev əlavə edib ki, müvafiq aidiyyatı orqanlar, elmi ictimaiyyət bu məsələ ilə ciddi məşğul olmalıdır.

Direktorun sözlərinə görə, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb: “Hazırda AQTA-da ağaclardan götürülən nümunələr üzərində analizlər aparılır. Bu analizlərin nəticəsi məlum olduqdan sonra məsələ ilə bağlı qərar veriləcək”.
Ümumiyyətlə, təbii mühitdən fərqli olaraq, şəhər mühitində müəyyən təsirlərin səbəbindən ağacların ömrünün daha az olduğunu deyən V.Fərzəliyev ağacların qurumasının yalnız Azərbaycanda müşahidə edilmədiyini söyləyib.

O qeyd edib ki, yalnız 2018-ci ildə Almaniya meşələrində 1 milyondan çox ağac quruyub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində aparılan monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, Leylandr və Həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib.