• 30 Oktyabr 2020
logo
Səbaildə tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir

Səbaildə tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir

Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun mərkəzi hissəsində 19 və 20-ci əsrin tarixi binaları və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri intensiv şəkildə davam edir.

İcra hakimiyyətindən verilən xəbərə görə, tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşları korlanmasının qarşısı qətiyyətlə alınır: "Qeyd etmək istəyirik ki, qaydalara uyğun quraşdırılmayan reklam lövhələri şəhərimizin estetik görkəminə kölgə salır. Bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” qanun ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. “Reklam haqqında” qanunun 26.3 maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yerləşdirilə bilər".