• 28 Mart 2024
logo
Oğlu: Qurban Məmmədov Türkiyədə saxlanılıb

Oğlu: Qurban Məmmədov Türkiyədə saxlanılıb

Avropada yaşayan hüquqşunas Qurban Məmmədov Türkiyədə saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə onun oğlu Qoşqar Məmmədov “facebook”da məlumat yayıb.

O bildirib ki, atası bir müddət əvvəl Londondan Türkiyə gedib və orada polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilib.

Qurban Məmmədov barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxs barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.