• 2 Dekabr 2020
logo
Seyran Səxavət: “Dilin namusuna toxunmaq torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır”

Seyran Səxavət: “Dilin namusuna toxunmaq torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır”

“ilkxəbər”in bugünkü qonağı yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavətdir. Onunla ədəbi dilmizin indiki vəziyyəti, televiziya kanallarının dili və əlbəttə, küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışdıq.

Seyran müəllim, məlumat üçün bildirim ki, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən bir sıra xidmət sahələri, reklam və elanlar üzrə dövlət dilinin işlədilməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununa riayət edilməsi ana dilimizin qorunması istiqamətində 800-ə yaxın ziyalı Bakı Şəhər İcra Hakimiyyətinə, AYB-nin sədri Anar Rzayevə və yüzə yaxın millət vəkilinə müraciət edib. Təşəbbüsə könüllü qoşulanlar göstərdi ki, ana dilini sevən, onu qorumağa çalışan vətəndaşlar çoxdur. Məhz bu cür insanların təklif və iradlarının faydalı olduğunu nəzərə aldığımızdan Mərkəzimizin narahat olduğu sualların bir qismini sizə ünvanlayırıq. Ana dilinə can yandırmasaydınız, o geniş və vacib məqaləniz ərsəyə gəlməzdi. Həmin yazıda ana dilini korlayan televiziyalar haqqında ətraflı yazmısınız. O vaxtdan indiyə hər hansı bir dəyişikliklər oldumu?

– O vaxtdan indiyə xeyli şey dəyişib. Amma təəssüflər olsun ki, müsbətə yox, mənfiyə doğru. Sürətlə də korlana-korlana gedir. Məndə təxminən minlərlə faktlar var. Məqalədə də yazmışam bu barədə. O faktların biri beş olub. Qəribədir, dillə bağlı qurum, dil komitəsi, prezidentin xeyli sərəncamı var, yenə də vəziyyət yaxşılığa doğru getmədi. İndi əməlli-başlı hərəkətə keçmək lazımdır. Televiziyalar cərimə olunsun, nəzərlərinə çatdırılsın, əgər heç nəyi veclərinə almasalar, lisenziya məsələsi qaldırırlsın. Bəlkə, fayda verə. Tutaq ki, Qarabağı qaytarmışıq, biz orda hansı dillə danışacağıq? Televiziya məkanının dili ilə? Belə bir dil var? Evində uşaqlarıyla iki cümlə qurub danışa bilməyənləri televiziyaya yığıblar.

– “Azərbaycan dilini çox zəif bilən, ingilis dilində bülbül kimi cəh-cəh vuran adam ən yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır. Bu həm də demoqrafik məsələdir. Çünki sən mənən azərbaycanlı olmasan da, sənəddə bizlərdən biri kimi sayılırsan. Ona görə də hələ 1988-ci ildə AzTV-dəki «Üzbəüz» verlişində demişdim ki, «öz dilini bilməyən azərbaycanlını mən emiqrant hesab edirəm». Belə «emiqrant» çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar. Xəstə dildə sağlam düşüncə olmur. Sağlam düşüncəli şəxs təpədən-dırnağa silahlanmış adam kimidir – aralıdan görüntüsü bəs eləyir…” fikirlərinizdə göstərilən tarix diqqəti çəkir. 1988-ci il. “Ana dilinin qorunması bizdə bu tarixdənmi başlayıb?” sualı yaranır (həmin ildə Telli Pənahqızının hazırladığı süjetə baxmışam. Bundan başqa bir çox məqalələr də yazılıb o dövrdə.)

-Qorumuş olsaydıq, bugün sizinlə bu mövzuda söhbət eləməyə ehtiyac qalmazdı. Hələ ki dilimizi korlamaqla məşğuluq. Qorumaqdan söhbət gedə bilməz. Bir dilə neçə tərəfdən hücum olar?

– “Mənə elə gəldi ki, doğma dilimizin heç zaman bugünkü kimi təcili yardıma ehtiyacı olmayıb – rus imperiyasının tərkibində olanda da”. Görünür, dilimiz müstəqil deyil. Ona hələ də yad ünsürlər öz təsirini göstərir. Deməli, biz bu gün anamızın yox, qonşuların dilində danışırıq.

–Öz dilini qorumayan bir xalq başqasının dilində danışmalı olacaq.

– Yazınızdan bəllidir ki, televiziya kanallarını, verilişləri izləyirsiniz, ordakı qüsurları sadalayırsınız. Bu, çox yaxşı haldır. Həmkarlarınızdan sizə dəstək verənlər varmı?

– Məqalə dərc edildikdən sonra “Ədalət” qəzetinin 2-3 nömrəsində müzakirəsi oldu. Aqil Abbas, Nizami Cəfərov həmfikir oldular. Amma bu, azdır, bu yöndə iş görmək lazımdır. Çörəyimiz azalanda meydanlara çıxırıqsa, ana dilimizə görə də çıxmalıyıq.

– Xatırlayıram, bir dəfə tədbirlərin birində bir əsər haqqında danışarkən müəllifə iradınızı bildirdiniz. “Uşağa nəzarət elə, dərslərini oxusun” cümləsinin əsərin dilinə yad olduğunu vurğuladınız. Bildirdiniz ki, “göz-qulaq ol, dərslərini oxusun” olmalıdır. Belə çıxır ki, yazıçılar da ədəbi dilə özləri bilmədən ziyan vururlar. (Bildirim ki, mən də nitqimdə “göz-qulaq ol” yox, “nəzarət elə” ifadəsi işlədirəm.)

– Nəzarətçi başqa yerdə olur. Bu cür nitqin səbəbkarı televiziyalardır.

– “Töhmət” şeirinizdə bir misra var: “Xalqım hansı dərsi pozub, görəsən?” Bu gün bu suala “Dil dərslərini pozmuşuq” cavabını vermək olarmı? Yəni ana dilini yaxşı öyrənmirik.

– Bu, artıq pozuntu deyil, dili məhv etmək, tapdalamaqdır. Mütləq tədbir görmək lazımdır.

– “Dilin namusuna toxunmaq torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır!” fikrindəsiniz. Belə çıxır ki, biz heç nəyimizi qoruya bilmirik.

– Belə çıxmır, elə bu cürdür.

– Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan televiziya məkanı olduğununu bildirirsiniz. Bəs mərkəzi küçələrdəki reklam lövhələri? Rəsulzadə küçəsində 42 obyektdən 41-i, Nizami və ətraf küçələrdə isə hər 10 obyektdən 8-9-u əcnəbi dillərdə yazılıb. Son 7 ildə bu nisbət ədəbi dilimizin ziyanına 2 dəfə artıb.

– Onlar da faktdır, amma xırda məsələlərdir. Televiziya, radio, tərcümə edilən filmlər, saytlar və reklamlar dilə hücum edirlər. Əgər biz müdaxilə edib korlamasaq, dil öz-özünü qoruya bilir.

– Dillə bağlı nöqsanların təkrarlanmasına görə televiziya rəhbərliyini cərimələmək lazım olduğunu deyirsiniz. Ana dilini cərimə ilə qoruya bilərik, ya sevgi ilə?

– Sevgiylə. Amma bir çox sahəyə cərimə lazımdır.

– “Dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən verilişlərin dili barədə növbətçilik etsinlər” deyirsiniz. Gözəl təklifdir. Dilçilərdə və söz adamlarında bu yanğı duyulurmu?

– Qətiyyən duymuram. Əksinə, ironiya ilə baxdılar yazıma. Bu, bir xəstə təfəkkürdür. Göbələk xəstəliyi kimidir. Məqaləni müzakirə edəndə qısqanclıq etdilər.

– Mən bir dəfə ruslidilli yazıçıları qınayanda bir şair konkret adlar çəkib dedi ki, onlar yad dildə yazsalar da, xalqını sevirlər. Bəs “ana dillərini də sevirlər” qənaətinə də gəlmək olarmı?

– Birinci ana dillərini sevsinlər. Ana dilini bilməyən azərbaycanlı sayıla bilməz.

– Dili qorumaq üçün fərmanlar yetərlidirmi?

– Fərmanla dil qorumaq olmur. Ana dili ilə bağlı dövlət sərəncamları yetərincədir.

– Bu yöndə başqa hansı tədbirlər görmək olar?

– Məqalədə çıxış yolu da göstərmişəm.

– Yeri gəlmişkən, rusdilli məktəblərə münasibətiniz necədir?

– Münasibətim yaxşıdır. Mən dörd dil bilirəmsə, demək, o qədər də xalq tanıyıram. Dil bilmək vacibdir. Amma əsas ana dilinə bələd olmaq lazımdır.

– Azərbaycan dili fənni üzrə imtahan verən rus bölməsinin min beş yüz abituriyentindən mininin “iki” qiyməti aldığı bildirilir.

– Yaxşı tədris etsinlər. “Milli şüur” deyilən anlayış var, dilin də, ərazinin də qorunması onun içindədir. Hər şeyi həll edən milli şüurdur. Bizdə bu, sıfır dərəcəsindədir. Milli şüuru yaradan, tənzimləyən təhsildir. Təhsilin səviyyəsi aşağı olandan sonra yaxşı heç nədən söhbət gedə bilməz.

Pərvanə Bayramqızı